Avqustun 23-də Tver vilayətində Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin istifadə etdiyi şəxsi təyyarə qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarədə olan on nəfərin hamısı ölüb.

Agentlik qeyd edib ki, sərnişinlər arasında Priqojin özü və PMC-nin komandiri Dmitri Utkin, həmçinin “Vaqner” PMC-nin bəzi komandirləri və muzdluları da olub.

Avqustun 24-də səhər saatlarında ölənlərin cəsədləri və onların yanmış hissələri Tver Regional Məhkəmə Tibbi Ekspertiza Bürosuna gətirilib.

“Əl-Cəzirə” telekanalının “Vaqner” PMC-dəki mənbəsi Priqojinin telefonunun cəsədlərdən birinin yanında tapıldığını bildirib. PMC ilə əlaqəli “Teleqram” kanalları da Priqojinin öldüyünü təsdiqləyib.

"Vaqner" PMC rəsmi olaraq baş verənləri şərh etməyib.

Qərb mətbuatının əsas versiyası hadisənin arxasında Rusiya hakimiyyətinin olmasıdır. Bu versiya düz iki ay əvvəl Priqojinin “Vaqner” PMC-nin Moskvaya qarşı silahlı kampaniyasına rəhbərlik edərək, Rusiya hakimiyyəti ilə birbaşa qarşıdurmaya girməsinə əsaslanır.

BBC-nin təhlükəsizlik üzrə jurnalisti Frank Qardner Britaniya hərbi mənbələrinə istinadən “Tvitter” hesabında yazıb ki, Priqojinin ölümü ilə nəticələnən təyyarə qəzasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti dayanır. Qardnerin fikrincə, Priqojini sıradan çıxarmaqda ən çox ehtimal olunan məqsəd “düşmənləri” olan Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun mövqelərini gücləndirmək idi.

Priqojinin təyyarəsinin necə partladıldığına dair də müxtəlif fikirlər var.

Versiyalardan biri təyyarənin raketlə vurulmasıdır.

Məlumatlı Qərb rəsmisi “Finacial Times”-a deyib:“Putin heç bir xəyanəti qəbul etmir. Təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”.

Bu, “Vaqner” PMC ilə əlaqəli bəzi teleqram kanallarının tirajladığı videolardakı iddialara uyğundur. Yayılan videolardan birində zenit-raket kompleksindən gələn kontraya bənzəyən bulud görünür. Bundan əlavə, şahidlər iki partlayış səsi eşitdiklərini iddia edirlər.

Bir sıra “Teleqram” kanalları təyyarənin qalıqlarında açılmış kiçik dəlikləri əks etdirən fotolarını dərc edir və bunu təyyarənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunun sübutu kimi təqdim edirlər.

Bununla belə, “Meduza”nın məlumatına görə, güclü hava hücumundan müdafiə raketləri təyyarəyə şahidlərin lentə aldığı videolarda göründüyündən qat-qat ciddi ziyan vura bilərdi. Kiçik dəliklər aça bilən zenit-raket sistemləri təyyarənin uçduğu hündürlüyə çata bilməzdi.

Təyyarə qəfildən böyük hündürlükdən aşağı enməyə başladığı anda pilotlar qəza siqnalı verməyibdilər. “Kommersant”a müsahibə verən qəza təhqiqatçıları təyyarənin vurulduğunu və ya göyərtəsində partlayışın olduğunu düşünürlər.

Bu barədə “Meduza” qeyd edir ki, sakinlər tərəfindən lentə alınan videoda təyyarənin düşməsindən əvvəl partlayış olduğu açıq-aydın göstərilib.Lakin videodan bunun təyyarənin içərisində, yoxsa reket zərbəsi nəticəsində baş verdiyini müəyyən etmək mümkün deyil.

Təyyarənin içərisində partlayışın baş verməsi versiyasını bir sıra teleqram kanalları, o cümlədən hərbi yönümlü kanallar araşdırmaqda davam edir.

“VÇK-OQPU” kanalı təyyarədə ölən stüardessanın qohumunun açıqlamasını dərc edib: uçuşdan əvvəl o, reysin xırda təmirə görə gecikdiyini bildirib.


Bundan əvvəl həmin “Teleqram” kanalı məlumat vermişdi ki, son anda biznes-jetin göyərtəsinə içində bomba ola biləcək bir qutu bahalı şərab yüklənib. “Shot” kanalı isə yerli mənbəyə istinadən yazır ki, təyyarənin şassi bölməsinə partlayıcı qurğu qoyulmuş ola bilərdi.

Hadisə ilə bağlı nəqliyyat vasitəsinin təhlükəsizlik və istismar qaydalarınının pozulması maddəsi ilə cinayət işi başlanıb. RBC-nin məlumatına görə, işin istintaqı Rusiya İstintaq Komitəsinin xüsusilə mühüm işlərin araşdırılması üzrə müstəntiqi İvan Sibula həvalə edilib.

O, Şeremetyevoda 41 nəfərin öldüyü "Superzhdet" qəzası, həmçinin Moskvanın Vnukovo hava limanında Fransanın "Total" neft şirkətinin baş direktoru Kristof de Marjerinin ölümü ilə nəticələnən hadisəni araşdırıb.

Rasim Əliyev

“AzPolitika.info”