Ramiz Yunus: "Rusiya elə SSRİ-nin aqibətini yaşayacaq”
Vaşinqtonda yaşayan tanınmış azərbaycanlı siyasi analitik Ramiz Yunus dünyada və regionda cərəyan edən hadisələrlə bağlı “AzPolitika.info”nun suallarını cavablandırıb.
Ekspert Rusiya-Ukrayna müharibəsinin perspektivi, ABŞ-dakı prezident seçkilərinin müharibənin gedişinə təsiri, eləcə də Xankəndində qalan separatçılarla bağlı problemi dəyərləndirib.
Müsahibəni təqdim edirik:
- Ramiz bəy belə görünür ki, Rusiya Ukraynadakı işğalçı müharibəni ABŞ-dakı prezident seçkilərinə qədər uzatmağa çalışır. Moskvada ümid edirlər ki, müharibənin uzanması Ukraynaya hərbi-siyasi dəstəyi azaldacaq və Qərb yaxın aylarda Kiyevi sülhə məcbur edə bilər. Bu ehtimalları necə qiymətləndirirsiniz?
- Siyasət romantika deyil, siyasət praqmatizmdir və tarix boyu belə də olub. İkinci Dünya müharibəsinə baxsanız, o zaman da praqmatizm əsas götürülmüşdü. İndi də Üçüncü Dünya müharibəsi ərəfəsində olan bu dünyada praqmatizm nöqteyi nəzərdən addımlar atılmağa çalışılır. Ona görə də, biz Rusiya-Ukrayna savaşını təhlil edərkən bu prizmadan yanaşmalıyıq. Yəni bilməliyik ki, müharibənin gedişatı ilk növbədə dünya və Qərb üçün hansı müsbət və mənfi nəticələr vəd edir. ABŞ-da keçirilən seçkiləri həmişə bir “şou” kimi qəbul etmək lazımdır. ABŞ-ın daxilində də Konqress, ya da prezident seçkiləri hər zaman “şou” kimi qəbul olunub. Amma burada Rusiya-Ukrayna savaşını nəzərə almaq lazımdır. Çünki bu müharibənin seçkilərə təsiri olacaq və biz bunu gələn ilin noyabr ayına qədər hiss edəcəyik. Hesab edirəm ki, Qərb indiki şəraitdə Ukraynanı sülhə məcbur edə bilməz. Hazırda dünyada Ukraynaya təsir göstərə biləcək siyasi mərkəz yoxdur. Gedişat da onu göstərir ki, Ukrayna qətiyyən ABŞ-dakı seçkilərə qədər belə bir addım atmaycaq. Əlbəttə, hələ ABŞ-dakı seçkilərə bir ildən çox vaxt var və bu müddət ərzində çox hadisə baş verə bilər. Müharibə bitə və ya bir qədər də uzana da bilər.
- Trampın hakimiyyətə qayıdışı mümkündürmü? Respublikaçıların iqtidara gəlməsi Vaşiqntonun Ukraynaya dəstəyinə necə təsir göstərə bilər?
- ABŞ hazırda siyasi böhran içərisindədir. ABŞ ictimaiyyətini çətin seçim qarşısında qoyublar. Onlar iki pisdən birini - ya Trampı, ya da 80 yaşlı Baydeni seçməlidirlər. Hər ikisi yaşlıdır. Əslində ABŞ Konqresinin üzvlərinin böyük əksəriyyəti bu yaş kaqteqoriyasına aid şəxslərdir. Ona görə də nəsil dəyişikliyi olmasa, ABŞ-dakı siyasi böhran həm Respublikaçıların, həm də Demokratların hakimiyyəti dövründə davam edəcək. Doğrusu, seçkilər hələ başlamayıb, ona oktyabr-noyabr aylarında start veriləcək. Ona görə də, bu barədə indidən nəsə demək sadəlövhlük olardı. Çünki qarşıdakı aylarda həm Demokratlar, həm də Republikaçılar üçün hər şey dəyişə bilər. Bildiyiniz kimi, Baydenin 80 yaşı, Trampın isə 80-ə yaxın yaşı var. Həmçinin Tramp barəsində dörd məhkəmə işi var ki, bu məhkəmələrin nəticələri Respublikaçılar arasında ictimai rəyi dəyişə bilər.
- Bu yaxınlarda NATO-dan Prezident Zelenskiyə sülh təklifi verildi və Kiyevdən rədd edildi. Bu təkliflər nədən doğur və perspektivi varmı?
- Müharibənin ilk günündən biz Ukraynaya və şəxsən Prezident Zelenskiyə qarşı bu tip təzyiqlərin və təkliflərin olduğunu görürük. Lakin bunların heç biri fayda vermir. Hesab edirəm ki, bu cür söz-söhbətlər bundan sonra da davam edəcək. Bu barədə əvvəllər Kurt Volker, indi də Stoltenberq aparatının rəhbəri danışır. Bu yolla sadəcə olaraq Ukraynada və Qərbdə, ümumiyyətlə bu müharibəyə daxil olan ölkələrdə ictimai rəy formalaşdırmaq istəyirlər. Ancaq yaxşı ki, Ukrayna buna müqavimət göstərə bilir. Düşünürəm ki, bu müqavimət belə də davam edəcək və hər şey Ukraynadakı döyüşlərdən asılı olacaq.
- Rusiya-Ukrayna cəbhəsindəki hazırki durum gələcək üçün ümidvericidirmi, yaxın zamanlarda hansı dəyişiklikləri gözləyirsiz?
- Ötən il demişdim ki, 2023-cü ildə Ukrayna özünə lazım olan bütün silah-sursatı alacaq. Bura “Hımars”, “Atacms”, “F-16”-lar daxil idi. Onlar bu il ərzində hamısını alacaqlar. Gördüyünüz kimi, avqust ayında artıq “F-16”-larla bağlı da qərar qəbul ediblər. Belə nəticəyə gəlmək olar ki, yaxın bir neçə ay ərzində, çox güman ki, sentyabr-oktyabr aylarında yavaş da olsa hansısa irəliləyişlər olacaq. Qərb əsas zərbəni gələn ilin yaz aylarında endirəcək. Qeyd etdiyim kimi, indi davam edən döyüşlərin sürəti birbaşa ABŞ-da gedən seçkilərlə bağlıdır.

- Doğrudur, Ukraynaya “F-16” qırıcılarının verilməsi ilə bağlı ilkin addımlar atıldı, ukraynalı pilotlar təlimə göndərildilər. ABŞ-ın bu məsələni uzatması sırf hərbi-texniki amillərlə bağlıdır, yoxsa, başqa siyasi məqsədlər ön plandadır?
- Ukraynaya “F-16” döyüş təyyarələrinin verilməsi siyasi məsələ idi. Siyasi qərar qəbul olunandan sonra artıq bu, sırf hərbi - texniki məsələyə çevrilib. “F-16”-ların ləngiməsi də ilk növbədə bununla bağlıdır. Digər tərəfdən, burada siyasi konyuktur da öz təsirini göstərir. Amma mən hesab edirəm ki, bu, çox məxfi bir məlumatdı və onun barəsində heç kim dəqiq nəsə deyə bilməz. Ona görə də, bu məsələnin ətrafında çoxlu spekulyasiyalar gedir. Lakin gerçəklik budur ki, biz bir neçə ay ərzində “F-16”-ları Ukrayna səmasında görə bilərik.
- Gələn ilin martında Rusiyada prezident seçkiləri keçirilməlidir. Müharibədəki uğursuzluq, sanksiyaların təsiri ilə pisləşən sosial- iqtisadi durum, rublun dəyərsizləşməsi Putin komandasında monolitliyi poza bilərmi? Ümumiyyətlə, Putinin perspektivinə necə baxırsız?
- Putin komandasının monolitliyindən danışmağa dəyməz. Çünki hazırkı müharibə açıq-aşkar bunu nümayiş etdirir. Rus propaqanda maşını, səfərbərlik məsələsi, hərbçilər arasında gedən söz-söhbətlər, Müdafiə Nazirliyi ilə FSB arasındakı rəqabət, eləcə də Priqojinin iki ay bundan öncə uğursuz üsyanı və hazırkı qeyri-naməlum aqibəti (müsahibə Priqojinin ölümündən əvvəl götürülüb – red.) onu göstərir ki, Kreml binaları arasında güclü çəkişmə gedir. Qərbin Rusiyaya siyasi, iqtisadi və hərbi təzyiqi öz nəticəsini verir. Bu gün Qərblə Rusiya arasında olan münasibət 1970-1990-cı illərdə SSRİ və ABŞ arasında olan münasibətə bənzəyir. Düşünürəm ki, hazırki Rusiya elə SSRİ-nin aqibətini yaşayacaq.
Seçkilərə gəlincə, onu deyə bilərəm ki, Putin dönəmində Rusiyada normal seçkilərdən danışmaq olmaz. Müharibədən sonra isə oradakı seçkilər İraqda, ya da Liviyada keçirilmiş seçkiləri yada salacaq. Onlar 80-90 faiz aralığında nəticə əldə edəcəklər. Amma hər şey bir gün ərzində dəyişə bilər.
- Qarabağ mövzusuna gələk. Sizcə, 16 avqustda Ermənistanın tələbi üzrə BMT TŞ-da keçirilmiş nəticəsiz toplantıdan sonra proseslər necə cərəyan edəcək?
- Ermənistanın xahişi ilə BMT Təhlükəsizlik Şurasının çağırılmış iclası tam fiaskoya uğraydı. Bu, Ermənistan diplomatiyasının məğlubiyyəti, Azərbaycan diplomatiyasının isə qələbəsidir. Bunu açıq etiraf etmək lazımdır. Ermənistan bu iclasda heç bir nəticə əldə etmədi. Deməli, bu onların fiaskosudur. Təhlükəsizlik Şurasından bir nəticənin çıxmaması isə Azərbaycanın uğuru idi. Orada iştirak edən bütün ölkələr Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dilə gətirdi, sülh danışıqlarının davam etdirilməsini istədi və tərəflərə bununla bağlı çağırışlar edildi. Hesab edirəm ki, Vaşinqtonun buradakı mövqeyi onu göstərdi ki, ABŞ sülh danışıqlarının tərəfdarıdır. Məhz bu səbəbdən Təhlükəsizlik Şurasının iclası bu tonda keçdi və nəticəsiz yekunlaşdı. Hesab edirəm ki, yaxın zamanlarda sülh danışıqları davam edəcək. Əgər buna əngəl olsalar, bu zaman Qarabağ zonasında vəziyyət daha da kəskinləşəcək.
- Siz Bakının güc tətbiq etməsini mümkün sayırsızmı?
- Rəsmi Bakının güc tətbiq etmək ehtimalı gündən-günə artır. Çünki həm Ermənistanda, həm də onun hakimiyyətində olan bəzi qüvvələr birləşib bu sülh danışıqlarının qabağını almaq istəyirlər. Buna dəstək verən mərkəzlər var. Bunlar – Rusiyada, ABŞ-da İranda, Avropada, xüsusi ilə də Fransada var. Əlbəttə, bu sülh danışıqlarında bir nəticə əldə olunmasa, Azərbaycanın başqa əlacı qalmayacaq və gücə əl atacaq. Düşünürəm ki, bunun olmaması üçün ABŞ və Avropa İttifaqı tez bir zamanda Ermənistana lazım olan təzyiqi göstərməlidir. Onlar hansısa formada Ermənistanı sülhə məcbur etməlidirlər. Necə deyərlər, hər şeyin əvvəli və sonu var. Hesab edirəm ki, yavaş-yavaş erməni separatizminin də sonu gəlib çatır.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
"Ramiz Yunus"kimdir ?Azərbaycana sığışmayaraq .......