Laçın sərhəd-keçid məntəqəsində saxlanılan erməni futbolçular həbs edilib. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Ermənistan Respublikasının vətəndaşları - 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduqları yer istintaqa məlum olmadığına görə barələrində beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də qeyd olunan şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildirib.

Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.

Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi)- maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.

İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunacaq.

***

“Laçın” sərhəd-keçid məntəqəsində vaxtilə Azərbaycan bayrağını təhqir etmiş 3 erməni saxlanılıb. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

“AzPolitika.info” xəbər verir ki, söhbət 2021-ci ildə qondarma “Martuni avo” komandasının “futbolçuları”nın meydana çıxarkən Azərbaycan bayrağını tapdalayaraq təhqir etmələrindən gedir. Həmin vaxt bu videogörüntülər geniş müzakirələrə səbəb olmuş və hiddət doğurmuşdu. İndi isə məlum olur ki, həmin komandanın “qəhrəmanları”ndan 3-ü sərhədi keçərkən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yaxalanıblar.

Qeyd edək ki, həmin vaxt Azərbaycan Baş Prokurorluğu sözügedən ermənilərə qarşı bayrağımızın təhqir edilməsilə bağlı 283.2.3 və 324-cü maddələr əsasında cinayət işi açmışdı. 3 erməninin yaxalanması da həmin cinayət işinə uyğun olaraq yerinə yetirilib.

Hüquq-mühafizə orqanlarından mətbuata sızan bəzi qeyri-rəsmi məlumatlara görə, bu erməni gənclər böyük ehtimalla, inzibati həbs cəzası alacaqlar. Belə ki, Azərbaycan tərəfi bundan öncə humanistlik göstərərək, əlində silah dövlətimizə və ordumuza qarşı cinayət törətməyən ermənilərə amnistiya tətbiq ediləcəyinə eyham vurmuşdu. 

Güman olunur ki, bu dəfə də həmin bu erməni “qəhrəmanları” gənc olmaları və peşmançılıq keçirdikləri üçün inzibati cəzaya məhkum edilərək, 10 günə yaxın saxlanıldıqdan sonra birdəfəlik Ermənistana deportasiya ediləcəklər.

Ancaq hər halda, bu 10 gün onların “tərbiyələndirici söhbətlərdən” sonra başlarından böyük səhv və qələt etdiklərini anlamaları üçün kifayət edəcək…

C.Məmmədov

“AzPolitika.info”