“Kreml xüsusi xidmət orqanlarına yeni hərbi qiyam təhlükəsinə hazırlaşmağı əmr edib”. 

“AzPolitika.info” xəbər verir ki, “The Moscow Times” nəşrində dərc edilən yazıda belə deyilir.

Qəzet Kremldəki mənbələrinə istinadla xəbər verir ki, Yevgeni Priqojinin qətlindən sonra növbəti hərbi qiyam təhlükəsi yaranıb və Kreml bundan qorxur. Xəbərdə bildirilir ki, Kreml Priqojinin ölümünə baxmayaraq, “Vaqner”-in Ukraynada və Afrikada döyüş təcrübəsi olan üzvlərini, eləcə də bu strukturun media resurslarını, telegram kanallarını, media və siyasi texnoloqlarını özü üçün böyük təhlükə hesab edir. Məhz buna görə xüsusi xidmətlər orqanlarına Priqojin qiyamının hər hansı formada təkrarı təhlükəsinin qarşısını almaq tapşırılıb.

“Vaqner”-in əksər üzvləri hesab edirlər ki, Priqojinin ölümünün arxasında hakimiyyət durur. Ona görə də hakimiyyət bu risklərə məhəl qoymaya bilməz”, - deyə “The Moscow Times”-a açıqlamasında “International Crisis Group”-un təhlilçisi Oleq İqnatov bildirib.

Təhlilçi hesab edir ki, məhz bu təhlükələrdən sığortalanmaq istəyən Putin hakimiyyəti “Vaqner”-i indiki vəziyyətdə saxlamaq fikrində deyil. Bu məqsədlə Priqojinin qətlindən cəmi iki gün sonra Putin “vaqnerçilər”-in, ərazi müdafiə batalyonlarının və digər “könüllü hərbi birləşmələrin” Rusiya müdafiə Nazirliyinə tabe etdirilməsi və “sədaqət andı” içdirilməsi barədə fərman imzalayıb.

Qeyd edək ki, artıq Putin hakimiyyəti “Vaqner”-in “demontaj” ediləcəyinin ilk siqnallarını verməkdədir. Belə ki, Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Viktor Sobolev “Vaqner”-in qeyri-qanuni silahlı birləşmə olduğunu qeyd edərək, “”Vaqner” Yevgeni Priqojinin ölümündən sonra artıq mövcud olmayacaq”, -deyə bildirib.


Bu arada Rusiya mediasında və sosial şəbəkələrdə “Vaqner”-ə aid qəbristanlığın sökülməsi, “vaqnerçilər”in qəbirlərinin yerlə bir edilməsi barədə yayılan videogörüntülər böyük əks-səda doğurub. Bu isə təkcə üsyankar Prqiojin tərəfdarları yox, ümumilikdə Rusiya cəmiyyətinin millətçi kəsimində ciddi narazılıq yaradıb. Çünki hamı belə addımların regional rəhbərliklər deyil, birabaşa Kremldən gələn göstərişlər əsasında atıldığını yaxşı başa düşür.

Hazırda Rusiyada ən çox gözlənilən tədbirlərdən biri Priqojinin dəfn mərasimidir. Əksər təhlilçilər hesab edirlər ki, məhz bu mərasimdə Priqojin tərəfdarlarının və narazı “vaqnerçilər”-in hərəkətə keçməsinə dair siqnallar verilə bilər. Ancaq bunu Kremldə də yaxşı anlayırlar. Buna görə də Kreml Priqojinin qalıqlarının torpağa tapşırılması mərasimi ətrafında baş verənləri tam nəzarətə götürməyə çalışır.

Yeri gəlmişkən, Rusiya media resurslarında və sosial şəbəkələrdə Priqojinin dəfnində şəxsən Putinin özünün də iştirak edə biləcəyi barədə iddialar dolaşmaqdadır. Lakin Kreml sahibinin öz təhlükəsizliyinin təminatı məsələsində şizofreniya dərəcəsində həssas olduğunu, daim sui-qəsd qorxusu ilə yaşadığını nəzərə alan əksər təhlilçilər bu variantı az inandırıcı hesab edirlər. Əksinə, yalnız yaxın günlərdə keçiriləcək həmin mərasimin yaratdığı risklərin qarşısını aldıqdan sonra Putin daha rahat nəfəs ala biləcək...

C.Məmmədov

“AzPolitika.info”