Xankəndindəki qondarma separatçı rejimin başçısı Araik Arutunyan istefa verəndən sonra onun “vəzifəsini” kimin tutacağı ətrafında mübahisələrə start verilib. Məlum olduğu kimi, bu “post” uğrunda Rusiyanın Xankəndindəki emissarı Ruben Vardnyanla Nikol Paşinyan hökuməti arasında mübarizə gedir.

Vardanyan Arutunyanın Paşinyanın adamı olduğu və onun istefasının məhz Rusiya emissarının bir dəstə radikal tərəfdarının təzyiqi nəticəsində baş tutduğu görüntüsü yaratmağa çalışır.

Paşinyanın yaxın ətrafı isə istefadan öncəki açıqlamaları ilə bu fikri təsdiqləmiş olurlar. Belə ki, Ermənistan parlamentinin hakim partiyanı təmsil edən Təhlükəsizlik və müdafiə komissiyasının sədri Andrianik Koçaryan Arutunyana qarşı təzyiqlərin başında R.Vardanyanın durduğunu təsdiqləyib və onun “kimin adamı olduğunu” hamının bildiyinə eyham vurub. O, həmçinin Vardanyanı Xankəndindəki gərginliyi Ermənistana keçirmək cəhdində ittiham edib.

A.Koçaryanın bu ittihamı öz təsdiqini tapmaqdadır. Belə ki, Xankəndindəki qondarma “parlamentdə” “müxalifəti” təmsil edən Matakse Akopyan Arutunyanın istefasından sonra eyni prosesin – “aktorların dəyişdirilməsinin” Ermənistanda da baş tutmalı olduğunu bildirib. Təbii ki, bu da Vardanyanın “ideyası”nın dəstəklənməsi və Koçaryanın dediklərinin təsdiqidir.

Yeri gəlmişkən, Matakse Akopyan deyib ki, onlar 3 gün ərzində Arutunyanın istefasını qəbul edəcəklər və 7 gün ərzində “parlament” yeni “prezidenti” seçəcək.

Bu arada erməni mətbuatı da Xankəndindəki “hakimiyyət” uğrunda didişmənin məhz Paşinyanla Vardanyan arasında getdiyini yazır.

“Hraparak” qəzetinin yazdığına görə, Arutunyanın istefa verməzdən əvvəl “dövlət naziri” təyin etdiyi Samvel Şahramanyan onun öz yaxın adamıdır və bu fiqurun Vardanyanı qane etdiyini söyləmək olmaz. 


Eyni zamanda, qəzet bildirir ki, Paşinyan Arutunyanın yerində Mais Mailyanı görmək istəyir. Bu şəxs də əvvələr separatçı rejimin “rəhbərliyində” təmsil olunub və “xarici işlər naziri” vəzifəsi tutub.

 Mais Mailyan

“Hraparak” yazır ki, Vardanyan və Mailyanla bərabər Samvel Babayan da Arutunyanın yerinə iddialıdır. Lakin bildirilir ki, Qarabağda qalan ermənilərin böyük əksəriyyətinin Babayana münasibəti mənfidir. 

Ona görə də Babayan hazırkı Ermənistan hökumətinə yaxın birisi kimi tanınsa da Paşinyan onun yox, Mailyanın namizədliyinə üstünlük verir. Odur ki, yaxın günlərdə böyük ehtimalla mübarizə Vardanyan və tərəfdarları ilə Paşinyanın namizədi arasında gedəcək.

Ancaq bu mübarizədə kimin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı öz ərazisində hər hansı qondarma rejimin mövcudluğunu tanımır və tanımayacaq. Eləcə də orada kimin “seçiləcəyi”ndən asılı olmayaraq, Ağdam-Xankəndi yolu açılacaq, separatçıların mənasız evcik-evcik oyunlarına isə gec-tez Azərbaycan tərəfindən son qoyulacaq!

C.Məmmədov

“AzPolitika.info”