“Rusiya bazalarının Qarabağdan və Ermənistandan çıxarılması qaçılmazdır”

“AzPolitika.info” xəbər verir ki, bunu ermənipərəst açıqlamaları ilə tanınan rusiyalı siyasi texnoloq və tarixçi, “Regnum” agentliyinin yaradıcısı Modest Kolerov Ermənistan mətbuatına açıqlamasında deyib.

Kolerov bildirib ki, “hazırda Qarabağda “quş hüquqları” əsasında məskunlaşan”, yəni hər an oradan “uça biləcək” durumda olan Rusiya hərbi kontingentinin Azərbaycandan rəsmi mandat almaq imkanı yoxdur: “Bakı (Rusiyaya) detallı mandat verməkdən imtina etdi. Məndə əminlik yoxdur ki, o, indiki mandatı uzadacaq”.

Kolerov hesab edir ki, “sülhməramlılar” Qarabağda döyüşməyəcəklər, çünki bunun üçün detallı mandata malik deyillər və bu halda onların istənilən hərəkəti qeyri-legitim olacaq: “Rusiyanın Qarabağda mövqeyi o halda güclənərdi ki, hazırda Ukraynadakı situasiya sona yaxınlaşardı, Kiyevin kapitulyasına gətirib çıxarardı və o zaman hətta Azərbaycan da bu faktı qəbul eytməyə məcbur olardı. Lakin hələ ki, bu, yoxdur və yaxın bir ildə də olmayacaq”.

Kolerov da Kreml təbliğatçıları kimi Ermənistanın və Qarabağ ermənilərinin düşdüyü duruma görə Nikol Paşinyanı ittiham edib:Bu vəziyyətdə Paşinyanın nəyə sevindiyi anlaşılmır. Niyə o, Ukraynada Rusiyanı dəstəkləmir? O, başa düşmür ki, Rusiya Ukraynada nə qədər çox məşğuldursa, bu, Ermənistan və Qarabağ üçün o qədər pisdir?”

Kolerov iddia edib ki, Rusiya ordusunun Ermənistanda mövcudluğunun heç bir əhəmiyyəti yoxdur və Rusiyanın Qafqazdakı maraqlarını onun Abxaziyadakı və Cənubi Osetiyadakı hərbi bazaları tam təmin edə bilər: “Gümrü və Erebunidəki Rusiya bazaları təcrid olunublar, bloklanıblar və Ermənistan tərəfindən qeyri-dost siyasətlə əhatəyə alınıblar. Bu bazalar çoxdan əhəmiyyətini itirib, onlar Rusiyanın maraqlarını qorumurlar və Paşinyanın əlində girova çevriliblər. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır”.

Ermənistan hakimiyyətinə qəzəbini gizlədə bilməyən rusiyalı politoloqun Türkiyənin regiondakı rolu ilə bağlı mövqeyi də maraqlı olub: “Türkiyə iqtisadi cəhətdən çoxdan Ermənistandadır, qatar artıq gedib. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan onsuz da NATO istiqamətinə yönəlmək istəyir. Beləliklə də Ermənistanın Türkiyənin timsalında NATO müttəfiqi olacaq...”

Kolerov Fransanın mövqeyi ilə bağlı sualı cavblandırarkən rəsmi Parisin yalnız görüntü yarada bildiyini, reallıqda isə heç bir təsirə malik olmadığını deyib: “Fransaya gəlincə, o, sadəcə, guya böyük dövlət olduğunun görüntüsünü yaradır. Bu ölkənin prezidenti heç öz evində - Parisdə qayda-qanun yarada, iğtişaşların qarşısını ala bilmir. O, Cənubi Qafqazda nə edə bilər? Heç nə!”.

Göründüyü kimi, ən ermənipərəst politoloqlar, mütəxəssislər də Ermənistanın apardığı siyasətin və Qarabağda oynanan “şou”nun mənasızlığını görür və ermənilərə anlatmağa çalışır. Ancaq o da məlumdur ki, bu toplum adi gözlə görünən reallıqları qəbul edə bilməyəcək qədər korlaşıb və yalnız güc dilini başa düşür...

C.Məmmədov

“AzPolitika.info”