İkinci Qarabağ müharibəsindəki uğursuzluğu və de yure kapitulyasiyanı həzm edə bilməyən erməni tərəfi hazırda Azərbaycanın xarici ölkələrdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı yeni terror müharibəsinə başlayıb. Bu müharibənin növbəti aktı 30 avqust tarixində Azərbaycan Respublikasının Livandakı səfirliyinə qarşı törədilib.
Diplomatik nümayəndəliyin qarşısında bir qrup erməni əsilli şəxsin qanunsuz aksiya keçirməsi, səfirliyin inzibati binasının ətrafındakı hasarı zədələmələri, içərisində boya olan və partlayıcı ilə təchiz olunan şüşələri səfirliyin inzibati binasına atmalarını beynəlxalq hüququn ən ciddi şəkildə pozulması və dövlətlərarası münasibətlərdə qətiyyən yol verilməyən cinayət əməllərini ehtiva edir.
Nəzərə almaq lazımdır ki, diplomatik münasibətlərin hüquqi cəhətdən tənzimlənməsi universal səviyyədə qəbul edilən mühüm beynəlxalq konvensiyalar əsasında həyata keçirilir. Bu sırada ilk növbədə 14 aprel 1961-ci il tarixli (24 aprel 1964-cü ildə qüvvəyə minib) “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyası qeyd edilməlidir. Azərbaycan Respublikası həmin hüquqi sənədə 21 iyul 1992-ci ildə, Livan isə 16 mart 1971-ci il tarixində qoşulub.
Konvensiyanın mətninə müraciət edəndə məlum olur ki, diplomatik nümayəndəliyin binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin, yəni mövcud halda Livanın, xüsusi vəzifəsidir (maddə 2).
Digər tərəfdən, diplomatik nümayəndəliyə və ya diplomatlara qarşı həyata keçirilən hücümlar, zorakı hərəkətlər imperativ xarakter daşıyan beynəlxlaq hüquq normalarının kobud şəkildə pozulması olaraq, nəticədə ağır transmilli terror cinayətidir. Təsadüfi deyil ki, beynəlxalq birlik bu cür əməllərin beynəlxalq sülhə və təhlükəsizliyə ciddi fəsadlar törətdiyini nəzərə alaraq, 14 dekabr 1973-cü il tarixində Nyu-Yorkda “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasını qəbul edib (20 fevral 1977-ci ildə qüvvəyə minib). Birləşmiş Millətlət Təşkilatında Konvensiyanın qəbulunu dünya miqyasında terrorçuluq fəaliyyəti ilə mübarizədə ən ciddi addım kimi dəyərləndirilib.
Azərbaycan Respublikası qeyd edilən Konvensiyaya 2 aprel 2001-ci il, Livan isə 3 iyun 1997-ci il tarixində qoşulub. Konvensiyanın 2-ci maddəsinə əsasən beynəlxalq müdafiədən istifadə edən şəxslərin rəsmi binalarına, yaşayış yerlərinə və ya nəqliyyat vasitələrinə təhlükə yarada bilən zorakı hücumlar cinayət kimi qiymətləndirilməlidir və hər iştirakçı dövlət belə bir cinayəti daxili qanunvericiliyində nəzərdə tutmalıdır. Həm Azərbaycan Respublikasının, həm də Livanın Cinayət məcəllələrində qeyd edilən əməl xüsusilə ağır cinayət kimi kriminallaşdırılıb. Hətta Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 12.3.-cü maddəsinə əsasən beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmiş hər hansı bir şəxs cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, ölkəmizin daxili qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Başqa sözlərlə desək, adı çəkilən cinayəti törədən şəxslərin təqibi universal jurisdiksiya prinsipi əsasında həyata keçirilə bilər.
Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin beynəlxalq münasibətlərə təhlükə yaratmasını nəzərə alaraq, hətta onun Beynəlxalq Cinayət Məhkəməsinin jurisdiksiyasına daxil edilməsi Məhkəmənin Nizamnaməsi layihəsinin ilkin variantlarında nəzərdə tutulurdu. Sonradan, 1998-ci ilin iyun-iyul aylarında Romada keçirilən diplomatik konfransda qərara alındı ki, Məhkəmə yalnız 4 beynəlxalq cinayəti - təcavüz, soyqırım, insanlıq əlehinə cinayətlər və müharibə cinayətlərini təqib edəcək. Ancaq diplomatik agentlərə qarşı yönələn cinayətlərin xüsusilə təhlükəli olması və bu cür əməllərlə ardıcıl olaraq mübarizə aparılması beynəlxalq birliyin daima diqqət mərkəzindədir.
Əlbəttə ki, erməni millətçiləri tərəfindən törədilən hər hansı bir təxribat və ya terror aktlarına cəhdlər dövlətimizin həyata keçirdiyi uğurlu fəaliyyətə heç bir təsir göstərə bilməz. Ancaq hər bir halda belə əməllər cavabsız qalmamalıdır və Livanın müvafiq dövlət qurumları diplomatik nümayəndəliyimizə qarşı cinayət törədən şəxsləri məsuliyyətə cəlb edib cəzalandırmalıdır. Bu, onların beynəlxalq hüquqdan irəli gələn vəzifəsidir.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
“AzPolitika.info”


Şərhlər