Menu

“Ərdoğanın mesajları Rusiya cəmiyyətinə ünvanlanıb...” – “Dünya görür ki, Türkiyə əsas vasitəçidir”

05.09.2023, 12:25
“Ərdoğanın mesajları Rusiya cəmiyyətinə ünvanlanıb...” – “Dünya görür ki, Türkiyə əsas vasitəçidir”

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dünən Soçidə Rusiyadan olan həmkarı Vladimir Putinlə saatyarımlıq görüşünün nəticələri geniş müzakirə olunur. Görüşdə Moskvanın dayandırdığı “Taxıl sazişi”nin bərpası, müharibənin dayandırılması ilə bağlı Ərdoğanın irəli sürdüyü təkliflər, habelə ikitərəfli siyasi, iqtisadi əlaqələr masaya yatırılıb.

Xatırladaq ki, Türkiyə liderinin təklifi ilə bu müzakirələr avqust ayında Ankarada keçirilməli idi. Amma son anda Putin səfərdən imtina etdi. Bəzi ekspertlər bunu ikitərəfli münasibətlərdə yaranmış gərginlik, digərləri isə Putinin təhlükəsizlik səbəbindən xarici səfərlərdən imtina etməsi ilə izah etdilər.

Soçidəki görüşlə bağlı dünya mediası əsas diqqəti Ərdoğanın təklif etdiyi sülh planına yönəldib. Hələ aprel ayında məlum idi ki, Türkiyə lideri Kreml sahibinə Ukraynada 2022-cilin 24 fevralından əvvəlki sərhədlərə qayıtmağı, Krımın statsunun bir müddət sonra referendumla həll olumasını və bu müddətdə yarımadanın idarəçiliyinin Ankaranın nəzarətində qalmasını təklif edib. Bu təklif Kiyevdə və Qərb paytaxtlarında müsbət qarşılanıb, amma Putin razılaşmayıb.

Rusiyalı tanınmış şərqşünas Ruslan Süleymanov qeyd edib ki, Ərdoğan üçün anti-Rusiya sanksiyalarına qoşulmayan, Rusiya təyyarələri üçün hava məkanını bağlamayan NATO ölkəsinin prezidenti kimi unikal rolunu qoruyub saxlamaq vacibdir.

“Bu həm də Qərb ölkələrinə bir mesajdır - Türkiyənin o qədər unikal rolu var ki, Ankara potensial olaraq Moskva ilə Kiyev arasında vasitəçi rolunu oynaya bilər. Xüsusilə bu məsələ dünən Soçidə müzakirə olunub” – deyə, ekspert əlavə edib.

Politoloq Elxan Şahinoğlu da bildirir ki, Türkiyə Prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında ölkəsinin yenidən Rusiya ilə Ukrayna arasında vasitəçi ola biləcəyini təkrarladı: “Ərdoğan bilir ki, Putin müharibəni davam etdirmək əzmindədir və Türkiyənin vasitəçiliyinə müsbət yanaşmır. Buna baxmayaraq, Türkiyə lideri “pis sülh müharibədən yaxşıdır” cümləsini söyləməkdən yorulmur. Ərdoğanın mətbuat konfransındakı açıqlaması Putindən çox Rusiya cəmiyyətinə ünvanlanıb, Türkiyə lideri Soçidə medianın qarşısında söylədiyi mesajı təxminən belə oxudum: “Baxın, iqtisadi və sosial vəziyyətiniz ağırdır, övladlarınız mənasız müharibə ölürlər, mən isə sizin liderə müharibədən çıxış formulu təklif edirəm”.

Politoloq vurğulayıb ki, Rusiya cəmiyyəti bir gün müharibənin mənasız olduğunu və dayandırılması vacibliyini anladıqda Ərdoğanın davamlı açıqlamalarını xatırlayacaq.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol