Şimali Koreya lideri Kim Çen In sentyabrda Rusiyaya səfər edə bilər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Şimali Koreya lideri Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və silah sənayesində əməkdaşlığı müzakirə etmək niyyətindədir.
Dünya mediası daha əvvəl xəbər vermişdi ki, Moskva və Pxenyan Ukraynadakı müharibədə istifadə etmək üçün Şimali Koreyadan silah və sursatlarının Rusiyaya tədarükü ilə bağlı danışıqlar aparır.
Xüsusilə, Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun iyulda Pxenyana səfəri zamanı Rusiyaya sursat tədarükü ilə bağlı təklifi müzakirə olunub. Rusiya və Şimali Koreya hakimiyyəti bu xəbəri təkzib edir.
“The New York Times” qeyd edir ki, Kim Çen In və Putin arasında görüş Şimali Koreya liderinin qatarla gələ biləcəyi Vladivostokda baş tuta bilər. Ən çox ehtimal olunan tarix Vladivostokda Şərq İqtisadi Forumunun keçiriləcəyi 10-13 sentyabrdır. Bununla belə, mənbələr danışıqların Moskvada keçiriləcəyini istisna etmirlər.
Jurnalistlərin fikrincə, Rusiya KXDR-dən artilleriya mərmilərinin, o cümlədən tank əleyhinə mərmilərin alınmasında maraqlıdır. Şimali Koreya da öz növbəsində Rusiyadan peyk və nüvə sualtı qayıqları üçün müasir texnologiya, eləcə də qida almaq istəyir.
Şimali Koreya Rusiyanın Krımı və Ukraynanın dörd bölgəsinin işğaılını tanıyan azsaylı ölkələrdən biri olaraq qalır.
“AzPolitika.info”


Şərhlər