Xəbər verdiyimiz kimi, Yalçın Rəfiyev və Samir Şərifov xarici işlər nazirinin müavini təyin edilib.

Samir Şərifov bundan əvvəl XİN-də idarə rəisi vəzifəsində olub.

Yalçın Rəfiyev isə “2007-2015 Dövlət Proqramı”nın məzunudur. O, magistratura pilləsini Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında Korrupsiyaya qarşı mübarizə ixtisası üzrə bitirib. Rəfiyev bu təyinatadək Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi olub. Bundan əvvəl isə Azərbaycanın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi olub. 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə o, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.

Qeyd edək ki, bununla xarici işlər nazirinin müavinlərinin sayı 6-ya çatıb. Bundan əvvəl isə bu vəzifədə 4 müavin - Mahmud Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədovdur fəaliyyət göstərirdi.

***

Xarici işlər naziri Ceyhun Bayramova yeni müavinlər təyin olunub.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” hesabında bildirib.

“Hörmətli diplomatlarımız Yalçın Rəfiyevin və Samir Şərifovun xarici işlər nazirinin müavinləri təyin edilmələri münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin maraqlarının qorunması üzrə gələcək fəaliyyətlərində uğurlar arzulayıram!”, - deyə qeyd olunub.