Sentyabrın 14-də ABŞ Senatının Xarici əlaqələr komitəsində Qarabağdakı vəziyyətə dair dinləmələr keçiriləcək. Müzakirələrdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin çıxışı nəzərdə tutulub.
Xatırladaq ki, Kim sentyabrın 7-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə mövcud durumu müzakirə edib. O, bildirib ki, bütün tərəflər Qarabağda humanitar vəziyyəti sabitləşdirmək üçün Laçın yolu və başqa marşrutları dərhal və eyni vaxtda açmalıdırlar.
Senatın Xarici əlaqələr komitəsində baş tutacaq müzakirələrdən nə gözləmək olar?

Politoloq Fərhad Məmmədov hesab edir ki, Dövlət Departamenti nümayəndələrinin çıxışları və suallara cavablarında işlədəcəkləri terminologiyalar bizə ABŞ-ın normallaşma prosesinə yanaşmasını anlamağa imkan verəcək: “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi” məsələsinin çərçivəsi; Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü ehtiva edən əsas fikir; ABŞ Laçın yolunun açılmasını prioritet saymaqda davam edəcəkmi?”
Ekspert xatırladır ki, xanım Kim artıq Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə zəng edib və bu barədə yazdığı tvitdə yolların “eyni vaxtda” açılması ifadəsini işlədib. “Yəni onun dinləmələrdə mövqeyi belə olacaq”, - o əlavə edib.
F.Məmmədovun sözlərinə görə, ABŞ Senatında dinləmələrin keçirilməsi zamanı “yerdə” vəziyyət kəskin şəkildə dəyişə bilər: “Amerika diplomatlarının öz fikirlərini açıq şəkildə ifadə etmək imkanı var. Ümid edirəm ki, senatorlardan ABŞ diplomatlarının niyə hələ də Şuşaya getməməsi və səfərdən imtina etmələri barədə sual eşidəcəyəm. Əlbəttə, bu, Azərbaycanın yanaşmasını çox az dəyişir, lakin həqiqətdir ki, səfərin olmaması ABŞ-ın regional gündəliyini məhdudlaşdırır”.
“AzPolitika.info”


Şərhlər