Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Pakistana səfər edəcəyi gözlənilir.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti xarici işlər naziri Cəlil Abbas Gilani jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman tezliklə Pakistana gələcək, lakin onun gəlişi üçün konkret tarixlər hələ təsdiqlənməyib: "Bu səfər Pakistan üçün iqtisadi inkişaf baxımından çox vacibdir. Çoxlu sövdələşmələrin bağlanmasını səbirsizliklə gözləyirik. Bizim əsas diqqətimiz kənd təsərrüfatı, mədənçıxarma, energetika və İT sənayelərinə yönəlib, çünki biz artım baxımından üfüqləri genişləndirməyi planlaşdırırıq".
Pakistanın son bir neçə ay ərzində Ər-Riyaddan aldığı yardımlara toxunan nazir deyib ki, Səudiyyə Ərəbistanı həmişə Pakistanın yanında olub və İnvestisiyaların Asanlaşdırılması üzrə Xüsusi Şuranın yaradılmasından sonra iştirak daha da güclənib: "Beləliklə, bu səfərə böyük ümidlər bəsləyirik və əminik ki, millət üçün yaxşı xəbər olan bir neçə Anlaşma Memorandumu imzalaya biləcəyik".
AzPolitika.info


Şərhlər