Menu

“Paşinyan Şahramanyanı niyə təbrik etmir?” – Daşnaklar tələb edirlər

11.09.2023, 15:24
“Paşinyan Şahramanyanı niyə təbrik etmir?” – Daşnaklar tələb edirlər

Məlum olduğu kimi, Xankəndidəki qondarma separatçı qurumda keçirilən “prezident seçkisi” ilə bağlı əksər aparıcı dövlətlər və Avropa İttifaqı bəyanat yayaraq, bu “seçkini” və onun “nəticələrini” qəbul etmədiklərini bildiriblər. Lakin Ermənistandakı revanşist, qatı millətçi və rusiyapərəst qüvvələr bu “seçkini” böyük uğur kimi qələmə vermək istəyirlər. Onlar həmçinin, Paşinyan hökumətini də rəsmən Xankəndidəki “seçki şousu”nun nəticələrini qəbul etməyə və separtatçıların yeni “lideri” Samvel Şahramanyanı təbrik etməyə çağırırlar.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, “Daşnaksutyun” partiyasının parlamentdəki nümayəndəsi Qeqam Manukyan Nikol Paşinyanı indiyə kimi Şahramanyanı təbrik etmədiyinə görə tənqid edib. O, artıq Türkiyə və Ukrayna kimi dövlətlərin ”seçkini” pislədikləri halda, rəsmi İrəvanın hələ də Şahramanyanı təbrik etməməsinin “anlaşılmaz olduğunu” bildirib.

Təbii ki, Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıdığını bəyan edən Ermənistan hökumətinin separatçıların yeni “liderini” təbrik etməsi qəribə və məntiqsiz görünərdi. Lakin Paşinyanın necə “öz sözünün ağası” olduğunu dəfələrlə görmüşük. Onun və hökumətinin separatçıların “seçkisi” ilə bağlı susmasına gəlincə, əlbəttə, bunu şərtləndirən səbəblər var ki, onların da başında Azərbaycan Ordusunun gücü və ölkəmizin siyasi iradəsi durur. Bunu elə parlamentdəki daşnaklar da bilməmiş deyillər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol