Rəsmi Bakının Rusiyanın işğal etdiyi Ukraynanın dörd regionunda keçirdiyi “seçkiləri” tanımaması və bu barədə ayrıca rəsmi bəyanat yayması Kremli hiddətləndirib. Bunun nəticəsi olaraq, Rusiya XİN Azərbaycana qarşı diplomatik demarş həyata keçirib.
Xatırladaq ki, həmin bəyanatda Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin Ukraynanın məlum ərazilərində keçirilmiş qondarma “seçkiləri” tanımadığını bildirib: “Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir. Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır. Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur".
“AzPolitika.info” xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycanın bu açıq və beynəlxalq hüquqa tam uyğun mövqeyinə etiraz edərək, Rusiyanın ölkəmizə qarşı diplomatik demarş həyata keçirdiyini bildirib: “Diplomatik xətt üzrə Azərbaycana qarşı demarş tətbiq olunub. Biz bu barədə hər şeyi demişik. Biz ondan çıxış edirik ki, Bakı bizim ölkənin ərazi bütövlüyünə(?) hörmətlə yanaşmalıdır. Necə ki, tərəfdaşlarımız Azərbaycan Respublikasının ərazi bütövlüyü barədə söhbət düşərkən bizim tərəfdən də eyni münasibəti gözləyirlər”.
Göründüyü kimi, Rusiya XİN tamamilə beynəlxalq hüquqa zidd, işğalçı müharibə nəticəsində ələ keçirdiyi Ukrayna ərazilərini özününkü hesab etməklə yanaşı, Azərbaycanı da bunu qəbul etməyə, orada keçiriləın qondarma “seçkini” tanımağa vadar etmək istəyir. Hansı ki, dünyanın heç bir normal dövləti, ümumilikdə beynəlxalq birlik, BMT və s. bu əraziləri Rusiya ərazisi hesab etmir. Azərbaycanın ərazi bütövlüyünü Rusiyanın işğal olunmuş ərazilərlə birgə “ərazi bütövlüyü” ilıə müqayisə etmək isə həyasızlığın ən ekstremal növü, nöqtəsidir.
Digər yandan, elə həmin Rusiyanın Ermənistana dəstəyi sayəsində onillər boyunca işğala məruz qalmış Azərbaycanın dünyanın hər hansı bir nöqtəsindəki işğala haqq qazandırması məntiqdən kənar olar.
Maraqlı olan həm də odur ki, Rusiya zatən sözügedən 4 vilayətin heç birinə tam nəzarət edə bilmir. Bütün bunlar nəzərə alındıqdan sonra Azərbaycana qarşı diplomatik demarş elan edilməsi Kremlin siyasi riyakarlığının və Azərbaycana gerçək münasibətinin növbəti göstəricisidir.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Maraqlıdır ,Bizimkilər nə üçün bu marişka- alkoliçkaya cavab verə bilmir ? Elə susa -susa bu günlərə qalmışıq
Ozleri separatizmi yaradib , basqa olkelerin erazisini zor gucune isgal et sonra referendum kecir ki , bes orada bes alti nefer rus yasayirdi o torpaalar rusiyanin olsun..bu masa zeherova da ,putin , kelenteryan lavrov da nece illerdir bu tip islerin heyata kecirmeyin ustasidirlar ..
rusiya- ərazisi ryazan,moskva və uzağı vladimir vilayətlərindən ibarət bir əyyaşlar ölkəsidir ki, dünya da bu əraziləri sərhədlərində urus çarlığını tanıyır… Biz də… :)