Rusiya təbliğat maşınının aparıcı təmsilçilərindən olan “Sputnik”-in Moldova şöbəsinin rəhbəri Vitali Denisov ölkədən qovulub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Denisov özü Rusiya xəbər agentliklərinə məlumat verib.
Denisov Moldova Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülərək, birbaşa Kişinyov hava limanına gətirilib və oradan dərhal, ilk reyslə yola salınıb. Ona 10 il ərzində ölkəyə giriş qadağan olunub.
Moldova tərəfi bunu Denisovun ölkənin daxili işlərinə qarışması və Moldovanın informasiya təhlükəsizliyinə qarşı fəaliyyət göstərməsi ilə əlaqələndirib.
Maraqlıdır ki, Denisovun dediyinə görə, Moldova hüquq-mühafizə orqanları ona öz şəxsi əşyalarını və ev heyvanlarını belə götürməyə imkan verməyiblər.
Xatırladaq ki, Denisov byundan öncə “Sputnik-Azərbaycan”-a rəhbərlik edib. Rusiya FTX-sının əməkdaşı olduğu, hətta polkovnik rütbəsi daşıdığı bildirilən Denisovun əslində, jurnalistika ilə heç bir əlaqəsi olmayıb. Onun daha çox FTX xətti ilə anti-Rusiya meyllərinin güclü olduğu ölkələrə ezam olunduğu qeyd edilir. Beləliklə, ötən il Azərbaycanda peyda olan Denisov elə həmin ilin dekabrında buradan yola salınıb. O vaxt Denisovun “Sputnik-Azərbaycan”-da apardığı anti-Azərbaycan fəaliyyətinə etiraz olaraq, agentlikdəki 4 redaktor istefa ərizəsi yazmışdı. Bu qalmaqal sonda Denisovun ölkədən çıxarılması ilə yekunlaşdı. Azərbaycan tərəfinin Moldovadan fərqli olaraq, bunu çox səs-küy çıxarmadan həyata keçirdiyi qeyd edilir...
Görünür, həmin vaxtdan Moldovaya yerləşən Denisov öz fəaliyyətilə bir qədər gec də olsa, Moldova hökumətinin və hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.
Rusiya hakimiyyəti Moldovanın bu addımını hiddətlə qarşılayılb. Moldovanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılaraq, ondan izahat tələb olunub. Bu da Denisovun Kreml üçün nə dərəcədə əhəmiyyətli fiqur olduğunun göstəricisidir.
Beləliklə, yenidən “işsiz” qalan V.Denisovu yəqin ki, yaxın günlərdə hansısa digər keçmiş Sovet Respublikasına göndərəcəklər. Və əlbəttə ki, bu ölkə Azərbaycan olmayacaq...
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər