Bakı Mühəndislik Universiteti ilə Sumqayıt Dövlət Universitetinin rektorları dəyişdirilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Belə ki, sərəncamla Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə Yaqub Maksim oğlu Piriyev rektor təyin olunub.
"AzPolitika.info " xatırladır ki, Yaqub Piriyev uzun illər “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının üzvlərindən biri olub.
O, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetində Nəqliyyat fakültəsinin dekanı kimi çalışıb.

Y.Piriyev bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edirdi.
Dövlət başçısının 23 iyun 2021-ci ildə imzaladığı sərəncamla Y.Piriyev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Digər sərəncamla Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Rüfət Eyvaz oğlu Əzizov isə SDU-nun rektoru təyin olunub.

Qeyd edək ki, Rüfət Eyvaz oğlu Əzizov 7 aprel 1980-ci ildə Bakıda anadan olub. Əslən Masallı rayonunundandır. Bundan əvvəl Təhsil İnstitutuna direktoru vzifəsində çalışıb. Həmin vəzifəyə Təhsil nazirinin əmri ilə 2021-ci ildə təyinat almışdı.
Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul edilib və 2003-cü ildə məzun olub..
Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini alıb.
2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olub (Chartered Scientist).
2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib.
Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.
2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak edib.
8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb.
2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal – Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə edib.
2019-cu ildə Earnst Young “İlin İş Adamı” müsabiqəsində Sosial Təsir nominasiyası üzrə qalib olub.
Rüfət Əzizov həmçinin Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyib.
Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir.
“Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir.
"AzPolitika.info"

Şərhlər
Mataqlı kadrlardır.Biri MAKSİM,digəri qastrolyor.Təhsilimiz bizneslə yüksəlir.....
Türkiyədə ən ucuz və keyfiyyətli yemək universitetlərin yeməkxanalarında olur, bizdə isə bunu da qazanc mənbəyinə çeviriblər, yazıq tələbələrin çay içməkdən savayı heç nəyə gücləri çatmır.
Bəlkə bundan sonra tələbələr Sumqayıt Dövlət Universitetinin yeməkxanasında ucuz yeməklər yeyə bildilər. Baxaq görək.