İran bundan əvvəl həbs etdiyi 5 ABŞ vətəndaşını təyyarəyə qoyaraq Qətərə göndərib.
“AzPolitika.info” bu barədə “Reuters”ə istinadla xəbər verir.
Azad ediləcək ABŞ ikili vətəndaşları arasında iş adamları 51 yaşlı Siamak Namazi və 59 yaşlı Emad Şərqi və Britaniya vətəndaşı olan 67 yaşlı ekoloq Morad Tahbaz da var. Onlar ötən ay həbsdən çıxarılaraq ev dustaqlığına buraxılıblar.
Dördüncü ABŞ vətəndaşı da ev dustaqlığına buraxılıb, beşincisi isə artıq ev dustaqlığında idi. Onların kimliyi açıqlanmayıb.
Agentlik bundan əvvəl xəbər vermişdi ki, Qətərin paytaxtı Dohada ayrı-ayrı otellərdə yerləşən amerikalı və iranlı diplomatlar uzun müddət “mübadilə diplomatiyası”nı müzakirə ediblər.
Razılığa əsasən, ABŞ-da öz növbəsində İran vətəndaşı olan beş məhbusu azad edəcək və Cənubi Koreyada dondurulmuş 6 milyard dollar dəyərində İran aktivləri İrana qaytarılmaq üçün Qətərə köçürüləcək.
İran rəsmiləri ABŞ tərəfindən azad ediləcək beş iranlının adını çəkiblər - Mehrdad Moin-Ansari, Kambiz Attar-Kashani, Reza Sarhangpour-Kafrani, Amin Hassanzade və Kaveh Afrasiabi.
Razılaşmanın ilk addımı olaraq, Vaşinqton İranın Cənubi Koreyadan Qətərə 6 milyard dollar vəsait köçürməsinə icazə vermək üçün sanksiyalardan imtina edib. Vəsaitlər İranın ən böyük neft müştərilərindən biri olan Cənubi Koreyada Vaşinqtonun Tehrana qarşı geniş maliyyə sanksiyaları tətbiq etməsi və nağd pulun köçürülməsi mümkün olmayanda bloklanıb.
Sözügedən aktivlər danışıqlarda vasitəçi rolunu oynayan Qətərin nəzarəti altında, yalnız humanitar məqsədlər üçün, ABŞ-ın sanksiyalar siyahısına düşməyən malların alınmasına xərclənə bilər.
Rüfət
AzPolitika.info


Şərhlər