Hər il sentyabrın 21-i qeyd olunan Ermənistanın müstəqillik günü bu il İrəvanda olduqca gərgin keçir. Azərbaycanın başlatdığı və uğurla başa çatdırdığı antiterror əməliyyatı nəticəsində Xankəndindəki xuntanın təslim olması Ermənistandakı revanşist, rusiyapərəst və qatı millətçi qüvvələri hərəkətə gətirib. Paşinyan hakimiyyətinin istefasını tələb edən kütləvi etiraz aksiyaları və müxtəlif təxribatlar törədilir. Lakin hələlik mərkəzi hakimiyyət dirəniş göstərir və polisin sayəsində etirazların qarşısı alınır.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, İrəvanda əvvəlcədən nəzərdə tutulmuş bütün bayram tədbirləri təxirə salınıb. Məsələn, “Dövrümüzün qəhrəmanı” mükafatının təqdimatı mərasiminin təxirə salındığı rəsmən elan olunub. 2019-cu ildən bəri hər il keçirilən həmin mərasimdə ən yaradıcı, zəhmətkeş və uğur qazanmış vətəndaş mükafatlandırılırdı.

Eyni zamanda, məşhur amerikalı müğənni Snoop Doggun sentyabrın 23-nə nəzərdə tutulmuş konserti də ləğv olunub. Xeyli vaxt idi ki, bu konsertə hazırlıq gedirdi. Onun təşkilinə Paşinyan hökumətinin 6 milyon dollar xərclədiyi bildirilir. Ancaq məlum səbəbdən ermənipərəst müğənninin konserti ləğv edilib, hökumətin pulu isə “batıb”.

Ancaq məsələ təkcə bayram tədbirlərinin ləğvi ilə bitmir. İrəvanda gərginliyin anbaan artdığı bildirilir. Məsələn, müstəqillik günü ilə bağlı İrəvandakı “Erablur” məzarlığını ziyarət etmək istəyən hakim partiyanın deputatları və digər nümayəndələri həlak olmuş erməni hərbçilərinin yaxınları tərəfindən etirazla qarşılanıblar. Onlar deputatları “türklər” adlandırıblar. Deputatlar məzarlığa buraxılmayıblar.

Həmin vaxt hadisə yerinə gələn jurnalistlərlə deputatlar arasında gərginlik yaranıb. Deputat Ovik Ağazaryan ona təxribatçı suallar verən jurnalistləri təhqir edib və deyib ki, hakimiyyətə etirazı olanlar onu dəyişmək hüququna malikdirlər. Lakin bunun üçün qanunda nəzərdə tutulan prosedurlar var. Lakin hakimiyyət kimlərinsə çağırışları və təzyiqləri ilə istefaya gedən deyil.

Bu arada “Hraparak” qəzeti yazıb ki, Nikol Paşinyan ötən gecə hakimiyyət nümayəndələri ilə toplantı keçirib. Paşinyan həmin toplantıda heç bir halda istefaya getməyəcəyini bəyan edib.

C.Məmmədov

“AzPolitika.info”