“Bu, Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna, Kremlin psixikasına dəhşətli zərbədir. Biz indi heç nə edə bilmirik“.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyadakı imperiyaçı və şovinist qüvvələrin ən tanınmış nümayəndələrindən və təbliğatçılarından biri olan jurnalist və publisist Maksim Kalaşnikov Azərbaycanın uğurlu ant-terror əməliyyatını şərh edərkən deyib.

Donbasdakı separatçıların sabiq lideri və “müdafiə naziri” İqor Qirkinin dəstəsindən olan Kalaşnikovun fikrincə, Azərbaycan Rusiyanın Ukraynadakı uğursuzluğundan məharətlə istifadə edərək, öz problemini həll edir və eyni zamanda Türkiyə ilə birləşərək, Rusiyanı Cənubi Qafqazdan atır: “Azərbaycan təbii olaraq, Türkiyə ilə birgə gördü ki, Kreml Ukraynada ildırım sürətli əməliyyat keçirə bilmədi. Siz orda ilişdiniz, batdınız... Onlar isə faktiki olaraq, Qarabağ məsələsini bircə zərbə ilə həll etdilər. Onlar Rusiyanın orada qalmış təsirinin qalıqlarını da kənara atdılar”.

Kalaşnikovun fikrincə, gələcəkdə Gürcüstan da Azərbaycanın yolu ilə gedəcək:“Gürcüstanda görəcəklər ki, Azərbaycanda hər şey yaxşı alındı. Çünki Rusiya heç nə edə bilmir. Siz(Rusiya) Ukraynada dalana dirənmisiniz, ilişmisiniz. Hücum edə bilmirsiniz. O zaman, alın...”

Hazırda əksər şovinist və imperiyaçı düşərgə təmsilçiləri əsasən Rusiyanın 2008-ci ildə Gürcüstanda keçirdiyi işğal əməliyyatını xatırladırlar. Onlar qeyd edirlər ki, həmin vaxt Rusiya Gürcüstanın Osetiyadakı rus “sülhməramlı” kontingentinə guya hücum etydiyini əsas gətirərək, hücuma keçmiş, az qala Tbilisiyə qədər getmişdi. İndi isə Qarabağda yüksək çinli rus hərbçilərinin öldürülməsinə və hətta guya rus hərbi kontingentinin bombalanmasına(?) baxmayaraq, Kreml susur və Azərbaycanın hərəkətlərini “udur”. Çünki həm buna cavab verəcək gücü, həm də ermənilərə görə Azərbaycanla və Türkiyə ilə münasibətləri korlamaq fikri yoxdur...

Kreml təbliğatçıları isə tamamilə fərqli yanaşma ortaya qoyurlar. Rusiya XİN sözçüsü Mariya Zaxarovadan tutmuş Kremlin politoloqlarına, televiziya kanallarına qədər hamı Nikol Paşinyanı günahlandırır. Onun Qarabağı Azərbaycan ərazisi kimi tanımasının “sülhməramlıların əl-qolunu bağladığını” iddia edirlər və bildirirlər ki, Qarabağdakı erməni əhalisini Kreml yox, Paşinyan hakimiyyəti “satıb”.

Məsələn, hər zaman Kremlin “cib müxalifəti” olmuş Vladimir Jirinovskinin LDPR partiyasının hazırkı sədri Leonid Slutskiy Vladimir Solovyovun verilişində ümumiyyətlə, Azərbaycanı və onun rəhbərliyini tərifləyib. 

Slutskiy deyib ki, Rusiya ilə Azərbaycana arasında dava salmaq istəyən qüvvələr var. Lakin o, Azərbaycanın Kremlin ən güvənilən və etibarlı tərəfdaşı olduğunu iddia edib. Qarabağınsa Azərbaycan ərazsisi olduğunu bildirib.

Əslində, bununla da bir vaxtlar Azərbaycanın ünvanına hədyanlar söyləyən Jirinovskinin partiyasına rəhbərlik edən Slutskiy bir daha zamanın və Azərbaycanın dəyişdiyini, dünya siyasətində hər kəsin güc və siyasi iradə ilə hesablaşdığını etiraf etmiş olub...

Uzun illərdir “artsax” diliindən düşməyən Solovyovun özü isə elə həmin verilişdə Qarabağdakı başı əzilmiş və kapitulyasiya etmiş qanunsuz erməni hərbi birləşmələrinin təmsilçilərini Donbasdakı “lxr” və “dxr” “ordusuna” üzv yazılmağa çağırıb. Yəni, erməniləri öz işğalçı fəaliyyətlərini Ukraynada davam etdirməyə dəvət edib...

Göründüyü kimi, Rusiya imperiyaçılarını, əslində, elə Kremlin özünü də “məzlum” erməni xalqının taleyi yox, özünün Cənubi Qafqaza təsiri, nüfuzu maraqlandırır. Ermənilərinsə Paşinyanın sadiq tərəfdarları istisna olmaqla, əhəmiyyətli bir hissəsi hələ də bunu anlamaq və qəbul etmək istəmir.

Bütün bunlar eyni zamanda, Azərbaycanın böyük uğuru qarşısında Rusiya siyasi isteblişmentinin çaş-baş düşməsindən, “hansı tərəfi müdafiə etmək” sualı qarşısında aciz qalmasından xəbər verir. Ancaq görünən odur ki, Rusiya imperiyaçıları Kreml təbliğatçıları ilə müqayisədə daha səmimidirlər və onların dediklərinin bir qismi həqiqətə daha yaxındır....

Cəlal Məmmədov

“AzPolitika.info”