Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib.

Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır. Bununla da "dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.

Qərarda prosesin 2024-cü il yanvarın 1-dək başa çatdırılacağı bildirilir .

Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.

Məlumatda həmçinin qeyd olunub ki, qərara əsasən, mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırılıb ki, "dağlıq Qarabağ" sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların öz nəqliyyat vasitələri ilə Laçın yolu i ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir.