Azərbaycanın Qarabağda gerçəkləşdirdiyi uğurlu antiterror əməliyyatından sonra Ermənistanda ölkənin müdafiə imkanları ilə bağlı geniş diskusiyalar başlayıb. Ekspertlər Rusiya xaric Hindistan, İran, Fransa, ABŞ kimi tərəfdaş ölkələrlə ikitərəfli hərbi əlaqələri daha da dərinləşdirməyi təklif edirlər.
Xatırladaq ki, bugünlərdə Fransanın Müdafiə Nazirliyi Ermənistanın hərbi ehtiyaclarını öyrənmək üçün İrəvana missiya göndərib.
Erməni politoloq Armen Ayvazyan Ermənistanın hərbi təhlükəsizliyini möhkəmləndirmək üçün atılacaq addımlardan biri kimi, Ermənistan ərazisində irimiqyaslı Ermənistan-İran, Ermənistan-Fransa və Ermənistan-Hindistan hava təlimləri keçirməyi təklif edib.
Hərbi ekspert Ədalət Verdiyev isə Armen Ayvazyanın təklifinin qeyri-ciddi olduğunu deyir: “Birincisi, birgə aviasiya təlimləri üçün Ermənistanın uyğun ifrastukturunu yaratmağa ən azı 5 il lazımdır. İkincisi, Ermənistanın hücum aviasiyasının 35 faizini müharibə zamanı məhv etmişik, bir o qədər də resursları ömrünü başa vurub. Yerdə qalan 4 ədəd “Su-30” qırıcını isə sursatsız və raketsiz olaraq Rusiya verib, onların birgə istifadəsinə Kreml razı olmayacaq. Ən azından kredit müqaviləsinə görə İrəvan 90 milyon dolları hələ ödəməyib”.
Ekspert onu da qeyd edib ki, cırtdan Ermənistan ərazisinin miqyası Hindistan, İran və Fransa qırıcılarının fəaliyyət radisusu üçün çox kiçikdir. “Qonşuların ərazisinə müdaxilənin nə ilə nəticələnəcəyi indidən məlumdur. Odur ki, Armenin bu təklifi mənasız söz yığınıdır”, - Ə.Verdiyev qeyd edib.
“AzPolitika.info”


Şərhlər