Menu

Milli Məclis “Energetika haqqında” qanun layihəsini müzakirə edir – Komitə sədri əsas hədəfləri açıqladı

03.10.2023, 13:24
Milli Məclis “Energetika haqqında” qanun layihəsini müzakirə edir – Komitə sədri əsas hədəfləri açıqladı

“Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan köklü iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı tədbirləri nəticəsində özəl sektorun formalaşması və inkişafı bu sahədə yaranan münasibətləri tənzimləyən yeni qanunların qəbul edilməsini tələb edir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə “Energetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, elektroenergetika sektorunda liberal bazar modelinə keçid və yeni sahibkarlıq subyektlərinin yaranması üçün də müasir tələblərə cavab verən hüquqi bazanın yaradılması vacibdir: “Bu baxımdan qəbulu zəruri hesab edilən normativ-hüquqi aktlardan biri də “Energetika haqqında” qanundur və layihə “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Prezidentin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinin icrası məqsədilə hazırlanıb.

Nəzərə almaq lazımdır ki, qüvvədə olan “Eenergetika haqqında” qanun 1998-ci ildə qəbul edilib və ötən müddət ərzində dünyada energetika sektorunda baş vermiş inkişaf və dəyişikliklər, həmçinin ölkəmizin energetika sektorunda qonşu və Avropa ölkələri ilə əməkdaşlığının inkişafı istiqamətində görülmüş işlər beynəlxalq təcrübəyə uyğun yeni qanunun qəbulunun zəruri olduğunu göstərir”.

Komitə sədrinin sözlərinə görə, bu baxımdan, son illərdə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Elektroenergetika haqqında” yeni qanunlar qəbul edilib və “Qaz təchizatı haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihələri hazırlanıb.

“Qüvvədə olan “Energetika haqqında” qanun Azərbaycan Respublikasında energetika materiallarının və məhsullarının (enerji resurslarının) kəşfiyyatı, işlənməsi, hasilatı, istehsalı, emalı, saxlanılması, nəqli, paylanması və istifadəsi üzrə fəaliyyət növlərini, həmin fəaliyyətlərin həyata keçirilməsi üçün qurğuların yerləşdirilməsini, tikintisini və istismarını, enerjiyə qənaət və enerjidən səmərəli istifadə, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə tədbirləri tənzimləyir. Həmin Qanun əsas etibarilə milli neft və qaz sektorunun tənzimlənməsi üçün nəzərdə tutulub və enerji müqavilələri konsepsiyasına və enerjinin nəqli və paylanması infrastrukturuna köklənib. Bu baxımdan, Avropa İttifaqı direktivlərində və reqlamentlərində nəzərdə tutulmuş prinsiplərə uyğun olaraq geniş sektor islahatlarına ehtiyac olduğu və Azərbaycanın beynəlxalq qlobal enerji bazarına inteqrasiyası məqsədi nəzərə alınaraq, energetika sahəsində islahatları dəstəkləməklə davamlı enerji sərmayələri ilə bağlı əsaslandırılmış və strateji qərarlar qəbul etməyi təmin edən “Energetika haqqında” yeni qanun layihəsinin qəbuluna ehtiyac var”, - millət vəkili vurğulayıb.

S.Qurbanov əlavə edib ki, qanun layihəsi energetika sahəsinin ümumi xarakterli məsələlərini tənzimləyir. Onun sözlərinə görə, bu onunla əlaqədardır ki, energetika sahəsinin müxtəlif sektorları, o cümlədən elektroenergetika və qaz təchizatı sektorları “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlarla tənzimlənir: “Layihədə Prezidentin 2022-ci il 22 iyul 378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 5.2.1-ci yarımbəndində “Energetika sektorunda tənzimləyici mühitin təkmilləşdirilməsi və zəruri liberallaşdırmanın aparılması” fəaliyyət istiqaməti üzrə nəzərdə tutulmuş tədbirlər öz əksini tapıb. Həmin tədbirlərə elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik baxımından ayrılmasını, elektroenergetika sistemində müstəqil təchizatçıların yaranmasının və fəaliyyətinin təşviq edilməsini, energetika sahəsində tənzimləyici mühitin formalaşdırılması, iqtisadi əsaslara, xərc və gəlirlərə istinad edən tarif metodologiyasının təkmilləşdirilməsini misal göstərmək olar”. 

Millət vəkili xatırladıb ki, layihə hazırlanarkən nümunə kimi hansısa konkret bir ölkənin qanunvericiliyindən istifadə edilməyib. Onun sözlərinə görə, Avropa ölkələrinin geniş yayılmış təcrübəsi və hamı tərəfindən qəbul edilən müddəalar respublikamızda bazar iqtisadiyyatının mövcud inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri əsas götürülərək işlənilmiş və layihəyə daxil edilib. “Həmçinin, layihə hazırlanarkən bu günə qədər aparılan islahat tədbirləri nəticəsində hazırlanmış yuxarıda adları çəkilən qanun layihələri, o cümlədən onların hazırlanması prosesində əldə olunmuş beynəlxalq təcrübə nəzərə alınıb ki, nəticə etibarilə layihə energetika sahəsində aparılan kompleks islahatlar ilə vəhdət təşkil edib.

Layihənin qəbulunda əsas məqsəd energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarının, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsi mexanizmlərinin müəyyən edilməsindən ibarətdir”.

Sadiq Qurbanov daha sonra layihənin qəbulunda digər məqsədləri aşağıdakı kimi təqdim edib: 

1. Energetika sahəsində rəqabətin inkişafı, enerji təhlükəsizliyi üzrə tələblər nəzərə alınmaqla energetika sahəsinin dövlətsizləşdirilməsi, təbii inhisar vəziyyətindən rəqabət şəraitinə keçidin təşviq edilməsi;

2. Enerji mənbəyi olan təbii ehtiyat yataqlarının işlənməsi və enerjinin hasilatı, emalı, istehsalı və saxlanması üzrə fəaliyyətin, enerjidən istifadənin ekoloji tarazlığın pozulmasına yol verilmədən təmin edilməsi;

3. Energetika sahəsinin inkişaf planlarının, energetika obyektlərinin yerləşdirilməsinin ölkə iqtisadiyyatının mövcud ehtiyacları, perspektiv inkişaf planları, əhalinin sayının proqnozlaşdırılan artımı və yaşayış məntəqələrinin perspektiv inkişaf planları ilə uzlaşdırılması;

4. Energetika sahəsinin inkişafının dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlər (bundan sonra – dövlət proqramları) əsasında həyata keçirilməsi;

5. Energetika obyektlərində və enerji istehlakında səmərəliliyin artırılması və itkilərin azaldılması;

6. Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının təşviqi;

7. Energetika sahəsinə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi, bu məqsədlə, bu Qanun və energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarla müəyyən edilmiş formada energetika sahəsində fəaliyyətlərin ayrılması nəticəsində yaranan fəaliyyət növləri üzrə dövlətə məxsus hüquqi şəxslər və dövlət əmlakının müqavilələr əsasında idarəetməyə verilməsi və ya özəlləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, həmçinin bu fəaliyyət sahələrində dövlət-özəl tərəfdaşlıq layihələrinin tətbiqi”. Millət vəkili qeyd edib ki, bu qanun layihəsi energetika subyektlərinə, dövlət orqanlarına və tənzimləyiciyə, habelə enerji istehlakçılarına şamil olunur.

Onun sözlərinə görə, qanunun qəbul edilməsinin ehtimal olunan nəticələri aşağıdakılardır:

- Energetika sahəsində yaranan iqtisadi münasibətlərin bazar iqtisadiyyatının prinsiplərinə uyğun qurulması;

- Energetika sahəsində rəqabət mühitinin formalaşması və inkişafı;

- Energetika sahəsində regional əməkdaşlığın, özəl investisiyaların, davamlı iqtisadi inkişafın və enerji səmərəliliyinin təşviqi və dəstəklənməsi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol