Menu

Ukrayna Türkiyədə keçiriləcək sülh forumuna hazırlaşır – Rusiya dəvət edilməyib, Çindən gözləntilər var...

05.10.2023, 11:47
Ukrayna Türkiyədə keçiriləcək sülh forumuna hazırlaşır – Rusiya dəvət edilməyib, Çindən gözləntilər var...

İlin sonunda İstanbulda Ukraynada sülhə nail olmaq üçün üçüncü beynəlxalq toplantının keçirilməsi nəzərdə tutulur.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi diplomatik mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, iştirakçılar Ukraynada davamlı sülhə nail olmaq üçün ideyaları müzakirə edəcəklər. İclasda müxtəlif ölkələrdən, o cümlədən ABŞ-dan milli təhlükəsizlik müşavirlərinin iştirakı gözlənilir. Həmçinin, “Bloomberg”in mənbələrinə görə, onlar Çini sammitdə görmək istəyirlər, lakin Pekinin nümayəndə göndərib-göndərməyəcəyi hələlik bəlli deyil.

Rusiya bu görüşə dəvət edilməyib.

Xatırladaq ki, Kreml nümayəndələri yayda Danimarka və Səudiyyə Ərəbistanında baş tutan əvvəlki görüşlərə də dəvət almamışdılar. Rusiya Xarici İşlər Nazirliyi sonuncu tədbiri “anti-Rusiya koalisiyası yaratmaq cəhdi” adlandırıb.

Ukrayna və onun müttəfiqləri Rusiyanın təcavüzünə qarşı neytral qalan ölkələri Moskvaya qarşı durmağa inandırmağa çalışır. Bu cür görüşlər Ukrayna üçün bu ölkələrə öz mövqeyini birbaşa izah etmək imkanı kimi qiymətləndirilir. “Bloomberg” onların arasında Braziliya və Hindistanı da göstərir.

İstanbulda keçiriləcək danışıqların gündəliyində Ukrayna Prezidenti Volodimir Zelenskinin “sülh formulu” kimi tanınan on bəndlik planı var. Digər məsələlərlə yanaşı, bura Rusiya qoşunlarının Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən çıxarılması, məhbusların azad edilməsi, ölkənin nüvə, ərzaq, enerji və ekoloji təhlükəsizliyinin təmin edilməsi daxildir.

Danışıqlardan sonra Ukrayna ilin sonuna qədər sammit keçirməyə ümid edir və bu görüş zamanı Kiyevin tələbləri əsasında birgə sülh təşəbbüsü formalaşdırılacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol