Siyasəti şouya, şou-biznesə çevirmək bütün dünyada müşahidə olunan bir reallıqdır. Hətta bir çox normal ölkələrdə özünü şoumen kimi aparan siyasətçilər ciddi sayılacaq faizdə səs toplayır, parlamentə düşür və sair.
Ancaq Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də hər şeyin “şitini çıxaranlar” var. Pafos, naşılıq və dayazlıq belə “siyasətçiləri”, özləri də bunu hiss etmədən, gülünc vəziyyətdə qoyur…
Məsələn, bəzilərinin “tik-tok siyasətçisi” adlandırdıqları Tural Abbaslı bu günlərdə efirlərin birində özünün Azərbaycanın xarici siyasət vizyonunu, dünya görüşünü tanınmış futbolçu Leonel Messinin azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə yaxın, ailəvi münasibətləri kontekstində və səviyyəsində ifadə edib.
T. Abbaslı azərbaycanlı iş adamını qınayıb ki, nədən o, dostlaşdığı Messiyə “Qarabağ Azərbaycandır” dedirtmir: “Messini bir dəfə də öpəndə, denən “Messi, de ki, “Qarabağ Azərbaycandır!” Dedirt də bunu, bütün günü bir yerdə pivə içirsiniz… Messinin nəyinə lazımdır, Azərbaycan, Ermənistan? Messiyə bir dənə “Roleks” saatı ver, sənin üçün nə istəyirsən eləsin”.
O, daha sonra əlavə edib ki, hansısa erməni məşhur aktyor Mel Gibsona kabab yedizdirib, o da çıxıb ermənilərin mövqeyindən çıxış edib. Abbaslı deyib ki, “bunlar bizdə də var, biz də edə bilərik”.
Bilmək olmur, bizim bu siyasətçi qardaşımız Messini ələ salır, camaatı ələ salır, yoxsa özünü? Abbaslıdan fərqli olaraq, Messinin, reklamı bir tərəfə qoysaq, təkcə futbol oynamaqdan illik gəliri 100 milyon dolların üzərindədir. Şəxsi varidatının miqyasını da bu göstəricinin üzərindən təxmin etmək olar. Onun, yeri gəlsə, Abbaslının barəsində xəyal qurduğu “Roleks” saatını istehsal edən zavodun özünü belə satın almaq imkanı var. Messinin, yaxud onun səviyyəsindəki digər bir ulduzun hansısa bir qol saatına, hədiyyəyə doğrudanmı ehtiyacı var? Həqiqətənmi, bu səviyyədəki bir superulduza nəsə hədiyyə edib, onu meymun kimi oynatmaq olar?!

Və yaxud artıq Azərbaycanın Messinin “Qarabağ Azərbaycandır!” deməsinə ehtiyacımı qalıb? Messi desə də, deməsə də “Qarabağ Azərbaycandır!” və şanlı ordumuz öz qanı ilə bunu bütün dünyaya sübut edib.
Abbaslı isə az qala təklif edir ki, aksiya elan edək: “Bizi tərifləyən hər ulduza bir “Roleks” saatı, üç şiş tikə, iki şiş dana basdırması, bir şiş lülə!”…
Yəqin, Abbaslı da bilir(bəlkə də bilmir) ki, belə şeylər kababla, saatla həll olunmur. Bunun üçün geniş lobbiçilik işi həyata keçirilir, böyük pullar xərclənir. Onun təsəvvüründə bu və ya digər siyasi mövzu barədə ya hansısa rəy (yanlış və ya doğru) formalaşdırılır, ya da təşkil olunan siyasi aksiyalarda iştirakı təmin edilir.
Erməni lobbisi yəqin ki, Mel Gibsonu ələ almağa, onu öz saxtakarlıqlarına alət etməyə, erməni şüvənliyinin iştirakçısına çevrməyə böyük pullar xərcləyib. Abbaslının dediyi “kabab və saat söhbəti”, yəni şəxsi münasibətlər, dostluq əlaqələri və s. bu cür məsələlərdə son detal, ştrix olaraq rol oyanaya bilər…

Siyasətdə populizm, təəssüf ki, çox vaxt işə yarayır. Bu reallıq Azərbaycanda da keçərlidir. Amma efirə çıxıb, dünyanın ən məşhur və varlı adamlarından birini az qala 100 qram arağa hər meymunluğu etməyə hazır bir alkaş səviyyəsində təqdim etmək artıq populizm deyil...
R.Əliyev
“AzPolitika.info”

Şərhlər
Bu azərbaycanlı iş adamı Adnan Əhmədzadə , özünü reklam etmək üçün , bu futbol oynayana nə qədər məbləqdə pullar verib, əgər bu Dövlət sirri deyilsə , cavab verin bu suala ?
Həmçinin cəmiyyətə bildirin ki , kimdir bu Adnan Əhmədzadənin himayədarı hakimiyyətdə ?
azpolitika.info , senzuranızdan bloklamayın bu şərhi və dərc edin .
Kasıb əhalinin sosial - iqtisadi problemlərini həll etmək əvəzinə , böyük məbləqdə pullar
" sağa - sola " xərclənir ..........
Bir fikir verin,aparıcı qız da onun dediklərini necə dəstəkləyir.
Onda bele cixir ki van damma da qudasi iki sis toyuq kababi yedizdirib dedirtsinki qarabag azerbaycandi.ilham eliyev cox guclu diplomat ve cox uzaqgoren siyasetcidi yerde qalan partiya rehberleri ici bos adamlardi
Tural Abbasli özü bir rolex saata və 3 şiş kababa vicdanin satar ona görə Messini öz arşını ilə ölcür.
Tural Abbaslı onu demək istəyir ki, qələbə naminə hər bir azərbaycanlı ələ düşmüş bütün fürsətlərdən istifadə etsin. O heç kimi alçaltmır, sadəə səmimi danışır.
Bu .... qınamayın. Ona partiya yaradıb.... oynadıldığına görə o elə bilir ki, bütün məşhurlar, reyri məşhurlar ona bənzər olmalıdır. Daş başımıza ki, bizdə "ağ" adında üzüqara üzvləri olan ... partiya var və onun belə sədri var.
Fikir vermə Ağ Partidi ,arada bir ağını çıxarmalıdır ,yeri gəlmişkən bizdə də Kim Kardaşyanlar var ,nə əcəb onlar « ulduz » ola bilmir ? Abbaslı bu haqda düşünsə daha faydalı olar
Tural Abbaslı kimi adamın siyasi partiya rəhbəri olması parodiyadır, Ona "Komedixana"da rol vermək lazımdır.
Tural Abbaslı yox,Trol Abbaslı desəniz daha düz olar.