Gürcüstanda qətlə yetirilən 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın anası və dayısı həbs edilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Rustavi şəhər məhkəməsinin hakimi Madonna Maisuradze məcburi evlilik və cinayəti xəbər verməmə ittihamları ilə azyaşlının anası və dayısı barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarı verib.
Kvemo Kartli bölgə prokuroru Xatia Qoqriçiani Aytac Şahmarovanın zorla evləndirilməsinin təşkilatçısının onun anası olduğunu, Aytacın qətlə yetirilməsinə görə birbaşa məsuliyyət daşıdığını bildirib.
Məhkəmədə azyaşlını qətlə yetirən Alim Sadiqov Aytacı öldürmək niyəti olmadığını, silahın pnevmatik olduğunu düşündüyünü, həmçinin “həyat yoldaşı”nın azyaşlı olduğunu bilmədiyini iddia edib.
“Həyat yoldaşımın azyaşlı olduğunu bilmirdim, anası mənə dedi ki, onun 18 yaşı var”, - Alim Sadiqov deyib.
Gürcüstan DİN-in araşdırmalarına görə, azyaşlı 2023-cü ilin yayında Alim Sadiqov tərəfindən məcburi nikaha daxil olmaq məqsədilə qaçırılıb və Saqareco rayonunun Ləmbəli kəndinə gətirilərək qanunsuz azadlıqdan məhrum edilib. Lakin azyaşlı evdən gizlicə qaça bilib və tanımadığı şəxsin telefonu ilə anası ilə əlaqə saxlayaraq oğurlanması barəsində məlumat verib. Lakin, anası və dayısı bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər və Aytacı onu qaçıran şəxslə yaşamağa məcbur ediblər.
Xatırladaq ki, Aytac Şahmarova oktyabrın 5-də axşam saatlarında “həyat yoldaşı” Alim Sadiqov tərəfindən qətlə yetirilib.



Şərhlər
Yalnız anasını və dayısını yox, oğlanın da anasını-atasını həbs etmək lazımdır.Görməyiblərmi ki,bu balaca qız uşağıdı?Deməyiblərmi a bala,sənin burda nə işin var?Deməyiblərsə demək ki,onlarla işbirliyi olub bu əclaf ana və dayının arasında.Mal,pul,mülk qarşılığında satıblar bədbəxt qızcığazı.Gürcü qızları ali təhsil alıb özlərinə karyera qurandan sonra,əlləri çörəyə çatandan sonra ailə qurarlar adətən və kəsinliklə əmioğluna,dayıoğluna,bibioluna,xalaoğluna ərə getməzlər,çünki onlara qardaş deyərlər.Bizimkilərdə yaxın qohumluq görəndə gülürlər bizlərə və düz də edirlər ki,bacıyla qardaş evlənəmməz.İndi gör balaca qız uşağının zorla evləndirildiyini,həm də bunu anasının və dayısının etdiyini görüb bizlər haqda nə düşünürlər.