Nurəddin İsmayıl

Həmasın İsrailə qarşı başlatdığı qanlı terror aktı Yaxın Şərqi sonu görünməyən müharibə alovuna bürüyüb. Hər iki tərəfdən çox sayda dinc əhalinin həlak olması, minlərlə sakinin yaralanması, əsir götürülməsi, əsirlərlə qəddarcasına rəftar, ardı kəsilməyən raket hücumları, qarşı tərəflərin hərbi ritorikası bu müharibənin tezliklə bitməsini şübhə altına salır.

Çıxılmaz vəziyyət yaranıb. Həmasın törətdiyi bu qanlı cinayətin ağrısını bütün Fələstin xalqı çəkir. Havadan, qurudan, dəniz sularından tam mühasirə halına düşən fələstinlilər İsrail ordusunun ölüm saçan aramsız əks-hücumları qarşısında çarəsiz duruma düşüb. Fələstində sözün əsl mənasında insanlıq dramı yaşanır. Milyonlarla insan ac, susuz, tibbi yardımsız, elektriksiz qalıb. Beynəlxalq yardımlar dayanıb. ABŞ başda olmaqla bir çox Avropa ölkələri bu davada İsrailin yanında yer alıb. Basqılar, siyasi təzyiqlər, iqtisadi sanksiyalar altına düşmək qorxusu yardımda bulunmaq istəyən dövlətlərin əl-qolunu bağlayıb. Barış çabaları, müharibəyə son qoymaq çağırışları havadan asılı qalıb. İsrail onun mövcudluğuna təhlükə mənbəyi hesab etdiyi Həması məhv etmək, yer üzündən silmək planında israrlıdır.

İsrail təhlilçiləri bu qanlı olayı İkinci Dünya müharibəsi zamanı nasistlərin yəhudilərə yaşatdığı “Holokost”dan sonra ən dəhşətli hadisə kimi qəbul edir və qisasın amansız olacağını bildirirlər. Başa düşüləndir və istənilən dövlət onun varlığını təhdid edən terroru aradan qaldırmaq, terrorçuları zərərsizləşdirmək üçün arsenalına daxil hərbi gücünü işə salmalıdır.

Həmas-İsrail qarşıdurmasına münasibətdə cəmiyyətimizdə iki hakim fikir formalaşıb. Bir kəsim Azərbaycanın Qarabağla bağlı haqlı davasında bizə arxa olduğuna, görünən və görünməyən vasitələrlə yardımda bulunduğuna görə İsrailin, başqa bir kəsim müsəlman təəssübkeşliyi, islam həmrəyliyi baxımından Fələstinin yanında yer almağın tərəfdarı kimi çıxış edir. Bu məsələdə hər iki düşərgənin haqlı olduğu məqamlar var. Doğrudan da İsrail Qarabağ savaşında qardaş Türkiyədən sonra bizə hərbi, siyasi, mənəvi dəstək olan ikinci dövlətdir. Fələstin yönətimi isə istər bəyanatları, istərsə də düşərgələrində yetişdirdiyi terrorçular baxımından daim Ermənistanın yanında yer alıb. Bu belədir və silinməyən tarixi izlər bunu təsdiq edir. Ancaq biz, erməni terrorundan olmazın əzablarını yaşayan xalq olaraq müsəlmandır deyə, Həmasın törətdiyi terrorun müdafiəçisi rolunda çıxış etməkdən uzaq durmalıyıq. Biz həmçinin bu terror aktına görə antiterror əməliyyatı adı altında İsrail ordusunun dinc Fələstin xalqına qarşı total hərbi hücumlar edib, qırğınlar yaşatmasının da insanlığa zidd olduğunu bəyan etməliyik. İsrail Həmasın qisasını Fələstin xalqından almamalıdır. Və bilməlidir ki, yaşadığı torpaqlarda İsraillə bərabər Fələstinin də dövlət yaratmaq, milli varlığını təsbit etmək haqqı var.

Azərbaycanın indiki həssa məqamda tutduğu mövqe tərəf saxlamamaq, ədalətin yanında olmaq və hər iki xalqı tezliklə bu müharibəyə son qaymağa, barış masasına oturmağa səsləməkdən ibarət olmalıdır. Ən dəhşətlisi beynəlxalq təşkilatların, böyük güclərin Fələstində yaşanan qanlı olaylara, insan qırğınına, dinc əhaliyə divan tutulmasına bu və ya digər formada haqq qazandırmasıdır. Maraqlıdır, nədən Qərb ölkələri İsrailə qarşı törədilən terror aktını qəti şəkildə qınadığı, onlara qarşı mübarizədə İsrailin yanında yer aldı halda, 30 ildən çox erməni təcavüzünə, separatçı bir rejimin xaqımıza qarşı törətdiyi terror aktlarına səssiz qalır? Görünən odur ki, terror təşkilatları böyük dövlətlərin əli ilə yetişdirilən, onların əliylə bəslənən və lazım gəldikdə onların hegemonluğuna xidmət edən alətdir. Taliban, Həmas, Hizbullah, Asala, PKK, PYD, YPG və digərləri bu məqsədlə yaradılıb dövriyyəyə buraxılan terror təşkilatlarıdır və bu təşkilatlar, gec ya tez onu yaradanların əleyhinə çevriləcək.

Bu gün ABŞ-ın, Fransanın himayə etdiyi PKK və onun Suriya uzantıları adı çəkilən dövlətlərin Yaxın Şərq siyasətində bölgə dövlətlərini sarsıtmaq, dövlət quruluşunu laxlatmaq üçün vasitədir. Yoxsa öz coğrafiyasından 10 min kilometrlərlə aralıda yerləşən, NATO müttəfiqi Türkiyənin mövcudluğunu təhdid edən terror təşkilatlarının Suriyada himayə edilməsinin anlamı nədir? Yaxın, strateji müttəfiqini buraxıb, başı çalmalı əşirətlərə qucaq açmağın öz müttəfiqinə arxadan zərbə vurmaqdan başqa adı yox.

Əsrin neft kontraktları ilə ərazisinə nefti, qazı daşındığı, ikitərəfli əlaqlərində bütün öhdəliklərinə sadiq qaldığı Azərbaycanı buraxıb, təcavüzkar, terrorist, durduqca region və dünya üçün fitnə fəsad məkanı olan Ermənistanın yanında yer almağı hansı insanlıq, demokratiya adına yazaq. Anlaşlan o ki, Qərb yalnız özünə və doğma bildiyi müttəfiqlərinə qarşı təhlükə yarananda terrora qarşı mübarizə bayrağını qaldırır.

Azərbaycan Qərbin ikili standartlarından fərqli olaraq dünyanın harasında, hansı dövlətə qarşı yönəlməsindən asılı olmayaraq daim terroru lənətləyib və bütün səylərini terrorun aradan qaldırılmasına yönəldib. Məhz bu əzmlə beynəlxalq təşkilatların, böyük güclərin həll etmək istəmədiyi erməni təcavüzünü, onun terror qruplarını 24 saatlıq lokal antiterror əməliyyatla aradan qaldırdı.