Pekində keçirilən “Bir kəmər bir yol” forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbəır verir ki, görüş zamanı Ukrayna böhranı müzakirə olunub.
Macarıstan liderinin mətbuat katibinin sözlərinə görə, Orban sülhün vacibliyini vurğulayıb. Baş nazir bildirib ki, bütün qitə, o cümlədən Macarıstan üçün qaçqın axınının, sanksiyaların və hərbi əməliyyatların dayandırılması son dərəcə vacibdir.
Görüşdə iki ölkə arasında nüvə enerjisi və neft-qaz tədarükü sahəsində əməkdaşlıq da müzakirə olunub.
Kremlin saytında danışıqların “stenoqramı” yerləşdirilib. Orada Orbanın qaçqın axınının və döyüşlərin dayandırılmasının vacibliyi ilə bağlı sözləri yoxdur. Eyni zamanda, Macarıstanın Baş naziri deyib ki, ölkələr arasında əlaqələr hərbi əməliyyat və sanksiyalara görə ciddi şəkildə zərər görüb.
Putin deyib ki, hazırda bir çox Avropa ölkələri ilə Rusiyanın əlaqələri qorunur və inkişaf edir. “Bu ölkələrdən biri də Macarıstandır", - o əlavə edib.
Putinin Çinə səfəri onun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) 2023-cü ilin martında onun barəsində həbs qərarı çıxarmasından sonra ikinci xarici səfəridir. Ötən həftə Putin Qırğızıstana səfər edib.
“AzPolitika.info”


Şərhlər