Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Samux rayonuna icra başçısı təyin olunan Firdovsi Əliyev daha əvvəl Milli Məclisin deputatı və uzun müddət nazir müavini olub.

“AzPolitika.info” xəbər verir, o, 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub, 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini, 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

1995–2000-ci illərdə Milli Məclisin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-2023cü illərdə Ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb. İcra başçısı təyin olunarkən isə nazirin müşaviri vəzifəsini tuturdu.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

“AzPolitika.info”