Məlum olduğu kimi, Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri çərçivəsində Fransanın Ermənistana bir sıra silahlar verməsinə dair razılaşmalar imzalanıb.
“AzPolitika.info” xəbər verir ki, Fransanın “Le Monde” qəzeti bu razılaşmalarla bağlı bəzi detalları açıqlayıb. Qəzet yazır ki, İrəvana ötürüləcək silahlar Ukraynaya verilən silahlardan fərqli olaraq, müdafiə xarakteri daşıyacaq. Burada söhbət 3 ədəd “GM200 Thales” radarından və sayı hələ açıqlanmayan “Mistral” raketlərindən gedir. Sözügedən radarlar 250 kilometr məsafədə havadakı hədəfləri müəyyən etməyə imkan verir. “Mistral” raketləri isə “yer-hava” tipli olmaqla, 6 kilometr məsafədəki hədəfləri vura bilər. Həmçinin, Fransa hərbçilərinin Ermənistan ordusuna təlim keçəcəyi bildirilir.
Lakin qəzet yazır ki, Fransa tərəfinin bu addımı Ermənistanın daxil olduğu KTMT hərbi təşkilatını və onun başında duran Rusiyanı qətiyyən qane etmir.
Bununla yanaşı, “Le Monde” yazır ki, Ermənistanın dəyəri yüz milyonlarla dollarla hesablanan bu silahların alışını necə maliyyələşdirəcəyi böyük sual altındadır: “Oktyabrın 3-də Katrin Kolonna(Fransanın XİN başçısı) Ermənistana Avropa Sülh Fondundan(EFF) istifadə etməyi tövsiyə edib. Hansı ki, bu fondun maliyyəsindən Ukraynanın və Moldovanın silahlandırılmasında istifadə olunur. Lakin Ermənistanın bu fondun benefisiar ölkələri sırasına qəbul edilməsinə nail olmasına hələ çox var. Çünki 27 dövlətin bununla bağlı mövqeyi parçalanıb”.
Bu, bir tərəfdən onu göstərir ki, Fransa Ermənistana təmənnasız silah vermək niyyətində deyil. Digər yandan isə aydın olur ki, heç də bütün Avropa İttifaqı dövlətləri Fransanın Ermənistanın silahlandırılmasını birgə maliyyələşdirmək ideyasını bölüşmür. Ona görə də “Le Monde” yazır ki, Fransa və Ermənistan müdafiə nazirlərinin imzaladıqları razılaşmalar yalnız “niyyət xarakterli sənədlər”dir. Məsələnin maliyyə tərəfi isə açıq qalır.
“AzPolitika.info”


Şərhlər