Azərbaycan Silahlı Qüvvələrinin 19 sentyabrda gerçəkləşdirdiyi antiterror əməliyyatından sonra Qarabağdan kütləvi şəkildə Ermənistana köçən ermənilərin bir qismi artıq bu ölkəni tərk edib. Rəsmi qurumların yaydığı məlumata görə, 3 mindən artıq şəxs xarici ölkələrə köçüb, gedənlərin əksəriyyətinin ailə üzvləri ilə birlikdə Rusiyaya üz tutduğu bildirilir.
Yerli ekspertlər isə Qarabağdan gələnlərin arasında 10 minə yaxın şəxsin Ermənistandan getdiyini bildirirlər. Qeyd olunur ki, onların əksəriyyəti Rusiyanın müxtəlif vilayətlərində biznesi, mal-mülk sahibi olanlardır, habelə Rusiyadakı qohumlarının himayəsinə sığınanlar da az deyil. Ekspertlər köçün davam edəcəyini proqnozlaşdırırlar və bunu Ermənistandan uzun illərdir davam edən qaçış prosesinin tərkib hissəsi olduğunu deyirlər.
Erməni mediası yazır ki, Qarabağ erməniləri arasında ABŞ və Avropa ölkələrinə gedənlərin sayı azdır. Son hadisələrdə erməni məsələsinə hədsiz “diqqət” göstərən Qərbin onlara qucaq açmaması paradoksal görünsə də, bunun ciddi səbəbələri var.
Ekspertlər bildirirlər ki, Fransa, Avropa İttifaqının bəzi ölkələri Ermənistan hakimiyyətinə dəstək versə də, ermənilərin ölkədən getməsində maraqlı deyil. Əvvəla, gedənlərin hamısı siyasi mühacir statusu almağa çalışır, bu da avropalılar üçün əlavə problemlər vəd edir. İkincisi, onlar Ermənistanın sürətlə boşalmasında maraqlı deyillər. Paşinyan hökumətinə bildirilib ki, Qarabağdan gələnlərin maddi problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması üçün maliyyə yardımları göstərilə bilər. Artıq bir neçə yüz milyon dollar həcmində yardım vədi verilib.
Avropa strukturlarından İrəvana bildirilib ki, Ermənistanın demokratik islahatlar aparan ölkə imici ölkə vətəndaşlarının mühacirət etməsinə imkan vermir. Burada ancaq münaqişə zonalarından, qeyri-demokratik rejimlərdən qaçan mühacirlərə ciddi istisnalarla yaşamaq hüququ verilir. Avropa İttifaqının miqrasiya ilə bağlı müəyyənləşmiş siyasəti var, onun prinsipləri Ermənistandan gələnlərə münasibətdə pozula bilməz.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər