Menu

ABŞ HHQ İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirib

27.10.2023, 08:54
ABŞ HHQ İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirib

Bu gün səhər saatlarında iki ABŞ qırıcısı Suriyadakı silah və sursat obyektlərinə zərbələr endirib.

“AzPolitika.info” bu barədə «Reuters» agentliyinə istinadla xəbər verir.

ABŞ Prezidenti Co Bayden İranın İnqilab Keşikçiləri Korpusu və dəstəklədiyi milis qruplarının istifadə etdiyi iki obyektə zərbələr endirilməsi əmrini verib. Məlumata görə, bu zərbələr İran dəstəkli yaraqlıların ABŞ hərbiçilərinə hücumlarına cavab olaraq endirilib.

Pentaqon, İranyönümlü qüvvələrin hücumlarının davam edəcəyi təqdirdə ABŞ-ın əlavə tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib. ABŞ-ın hava hücumları cümə günü (GMT 0130) təxminən səhər saat 4:30-da Suriyanın İraqla sərhədində yerləşən Əbu Kamal şəhəri yaxınlığında və iki F-16 qırıcısı tərəfindən dəqiq döyüş sursatlarından istifadə edilərək həyata keçirilib.

ABŞ və koalisiya qüvvələri son bir həftə ərzində İraq və Suriyada İranın dəstəklədiyi qüvvələr tərəfindən azı 19 dəfə hücuma məruz qalıb. HƏMAS, «İslami Cihad» və Livan «Hizbullah»ı Tehran tərəfindən dəstəklənən qüvvələr hesab edilir.

İranın xarici işlər naziri Hüseyn Abdullahian cümə axşamı BMT-də deyib ki, İsrailin HƏMAS-a qarşı hücumu dayanmasa, ABŞ "bu atəşdən xilas olmayacaq".

Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti də məsələ ilə bağlı açıqlama yayıb:

“Bu gün (ABŞ vaxtı ilə oktyabrın 26-da) Prezident Baydenin əmrinə əsasən, ABŞ hərbi qüvvələri Suriyanın şərqində İranın İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyektə legitim özünümüdafiə hücumu həyata keçirib”.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol