Ermənistan istəsə də, birtərəfli qaydada Rusiyanın Gümrüdəki hərbi bazasını 2044-cü ilə qədər öz ərazisindən çıxara bilməz.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzetində dərc edilən yazıda belə deyilir.
Məsələ ondadır ki, 1995-ci ildə bağlanmış və 2010-cu ildə o vaxtkı Rusiya Prezidenti Dmitri Medvedevlə Serj Sarqsyanın imzası ilə 2044-cü ilə qədər uzadılmış müqaviləyə görə, 102-ci bazanın Ermənistandan çıxarılması məsələsi yalnız müvafiq birgə komissiyanın rəyi əsasında mümkündür. Bunu Rusiya Dumasının Müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin də mətbuata açıqlamasında təsdiqləyib. O, hətta əlavə edib ki, müqavilənin müddəti bitməzdən 6 ay əvvəl tərəflərdən birinin etirazı olmazsa, müqavilə avtomatik olaraq, daha 5 il müddətinə uzadılır. Şvıtkinin dediyinə görə, tərəflərdən birinin müqavilənin hər hansı müddəasına dair etirazına yalnız qarşılıqlı razılaşma əsasında baxıla bilər. Yəni, qarşılıqlı razılaşma olmadan müqavilənin şərtlərinin dəyişdirilməsi və Rusiya bazasının Ermənistandan çıxarılması qeyri-mümkün hesab edilir. Hər halda, Rusiya tərəfi belə iddia edir...
Ermənistan tərəfinə gəlincə, rəsmi İrəvan Rusiya bazasının ölkə ərazisində mövcudluğuna qətiyyən şad olmadığını göstərməyə çalışsa da, onun çıxarılmasına dair də hər hansı konkret addım atmaqdan uzaqdır. Qərbyönümlü görüntü yaratmağa çalışan Paşinyan hakimiyyəti bir tərəfdən bütün dünyaya Rusiyadan narazılığını, məsafə saxlamağa çalışdığını nümayiş etdirsə də, digər yandan Moskvanın ətəyindən bərk-bərk yapışmaqdadır. Nikol Paşinyan “The Wall Street Journal“-a son müsahibəsində deyib ki, Ermənistan Rusiya hərbi bazasının öz ərazisindəki mövcudluğunun heç bir üstünlüyünü görməyib. Ancaq digər yandan da dərhal əlavə edib ki, rəsmi İrəvan Rusiya bazasının ölkədən çıxarılması məsələsini qaldırmaq fikrində deyil və bunu heç müzakirə də etmir. Sual yaranır ki, “heç bir üstünlük verməyən”, deməli, heç bir faydası olmayan xarici ölkənin hərbi bazasını saxlamağın nə mənası var? Sadəcə, Ermənistan KTMT üzvü olduğu üçünmü? Axı İrəvan KTMT-dən də narazıdır...

Bu arada Rusiyanın “Kommersant” nəşri özünün Kremldəki mənbələrinə istinadla yazıb ki, Paşinyan hökuməti Rusiya hakimiyyət strukturları ilə bütün əlaqələrini “dondurub”. Qəzetin yazdığına görə, bu səbəbdən Rusiya rəhbərliyində “gah nala, gah mıxa vuran” Paşinyanın son müsahibəsində nə demək istədiyini anlamaqda çətinlik çəkirlər. Ancaq hər ehtimala qarşı Paşinyan hakimiyyətinə müxtəlif kanallarla çatdırılır ki, Rusiya bazasının Ermənistandan çıxarılması heç də asan məsələ deyil və Kreml iki ölkə arasında imzalanmış müqavilədən çıxış edəcək.
Müşahidəçilər bir məsələni xüsusi vurğulayırlar ki, ən azından indiki mərhələdə, xüsusilə də Cənubi Qafqazdan elə də uzaqda olmayan Yaxın Şərq regionunda yaranmış olduqca təhlükəli vəziyyət, İranın böyük müharibəyə qoşulması ehtimalı və s. Ermənistan üçün bu proseslərdən müəyyən dərəcədə sığortalanmaq xatirinə Rusiya hərbi bazasının öz ərazisində mövcudluğunu zəruri edir.
Hakimiyyətinin ilk illərini işğalçılıq tezisləri ilə, “Qarabağ Ermənistandır” kimi şüarlarla “süsləyən” və buna baxmayaraq, özünü bütün dünyaya sivil, qərbpərəst biri kimi sırımağa çalışan Paşinyanın Rusiya hərbi bazasını Ermənistan ərazisindən çıxarmağa cəsarətinin, iradəsinin, ən nəhayət, siyasi ömrünün çatıb-çatmayacağını və ümumiyyətlə, gerçəkdən də belə bir niyyətinin olub-olmadığını isə zaman göstərəcək...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Paşinyanın arxasında ABŞ dayanıb.Rusu sonuncu mənzilinə kimi qovacaq.