Aksiya iştirakçıları Mahaçqala aerodromundan çıxarılıblar. Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Mahaçqala aerodromu oraya icazəsiz daxil olan şəxslərdən təmizlənib. Hava limanı noyabrın 6-sı saat 02:59-dək (ilkin olaraq) təyyarələr üçün bağlı olacaq”, deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bazar günü axşam Federal Hava Nəqliyyatı Agentliyi naməlum şəxslərin platformaya daxil olması səbəbindən Mahaçqala hava limanının gəliş və uçuş reyslərinə xidmət göstərmək üçün müvəqqəti bağlandığını elan edib.
Öz növbəsində, Mahaçqala hava limanının ərazisində icazəsiz aksiyaların keçirilməsinə dair çağırışlar edildikdən sonra Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin Mətbuat Xidməti Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsi (kütləvi iğtişaşların təşkili) ilə cinayət işinin başlanıldığını elan edib.
***
Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.
“Telegram” kanallarında bu barədə yayılan videolardan aydın görünür ki, İsraildən gələn təyyarəyə etiraz edən dağıstanlılar polis müdaxiləsinə baxmayaraq, Mahaçqaladakı hava limanına daxil olublar.
Etirazçılar təyyarədəki yəhudilərin Dağıstana enməsinə imkan vermirlər və İsrail əleyhinə şüarlar səsləndirirlər.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bəyanat yayaraq bildirib ki, Mahaçqala hava limanı müvəqqəti bağlanıb.
Agentliyinin bəyanatında deyilir ki, Mahaçqala hava limanı aerodroma icazəsiz giriş səbəbindən bağlanıb. Təyyarələr alternativ aerodromlara yönləndirilir.
***
Yüzlərlə Dağıstan sakini İsraildən gələn təyyarənin enməli olduğu “Kaspiysk” Hava Limanı yaxınlığında toplaşıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının hüquq-mühafizə orqanları hava limanına əlavə qüvvələr cəlb edir.
“İnsanlar əllərində “Dağıstanda uşaq qatillərinə yer yoxdur” yazılan plakatlar tuturlar”, - deyə “Teleqram”da yayılan məlumatda bildirilir.
Qeyd olunur ki, hava limanına toplaşmaq üçün təxribat xarakterli çağırışlar yerli resurslar adı altında xarici ictimai səhifələr tərəfindən yayılıb.
Digər mənbədən verilən məlumata görə, toplaşanlar İsraildən gələn şəxsləri müəyyən etmək üçün sərnişinlərin sənədlərini yoxlayırlar. İsraildən gələn təyyarədə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün hava limanına OMON yerləşdiriləcək.
Qeyd olunur ki, Kaspiysk və Mahaçqala Daxili İşlər Nazirliyinin şöbələrində gücləndirilmiş iş rejimi elan edilib.
***
Dağıstanın paytaxtı Mahaçqalada hava limanı izdiham səbəbindən bağlanıb.
"Report" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Nijnevartovsk və Moskvadan gələn təyyarələr hava limanına eniş edə bilmir. Aeroport rəsmiləri təyyarələri qonşu respublikaların hava limanlarına eniş üçün yönləndirməyə qərar verə bilər.

Şərhlər
Ancaq rus-erməni vəhşi ordusu Xacalıda dinc əhalini,körpələri və qadınları qətl edəndə müsəlman qardaşlarımız belə etiraz bildirmədilər.