Rusiya hərbi rəhbərliyi Xerson istiqamətində döyüşən “Dnepr” qruplaşmasına rəhbərlik edən general-polkovnik Oleq Makareviçi vəzifəsindən azad edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya hərbi blogerləri məlumat yayıblar. Qeyd edilir ki, Vladimir Putin general Makareviçin idarəçiliyindən qətiyyən razı deyil.
Xəbərdə bildirilir ki, Makareviçin yerinə Rusiyanın Ukraynadakı qoşunlarının komandan müavini, general Mixail Teplinski təyin olunub. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında bu mövzuya toxunub. İnstitutun mütəxəssisləri hesab edirlər ki, Makareviçin kənarlaşdırılmasının səbəbi son zamanlar Ukrayna ordusunun Dneprin son sahilində möhkəmlənərək platsdarm yarada bilməsi və generalın məsuliyyətsiz, səhlənkar fəaliyyəti nəticəsində Ukrayna qüvvələrinin desant reydlərinin qarşısının alınmamasıdır. Artıq buradakı Ukrayna hərbçilərinin bir neçə yaşayış məntəqəsini azad etdiyi də məlum olub.
Rusiya hərbi blogerləri isə yazırlar ki, Makareviçin rəqibləri onu Rusiya hərbi rəhbərliyi, özəlliklə də Putinin gözündən salmağa müvəffəq olublar.
“AzPolitika.info”


Şərhlər