Nurəddin İSMAYIL

Qardaş Türkiyənin hər bir guşəsində zəfər bayramının təntənəsi yaşanır. Səma, dəniz, yer ayulduzlu, hilal qaşlı bayrağa bürünüb. Paytaxtdan tutmuş hər bir ilçədə, köydə zəfər bayramının böyük coşqusu yaşanır.

Yüz il əvvəl əsası qoyulan bir Cümhurriyyət, yüz il sonra necə də möhtəşəm görünür. Birlik və bərabərlik rəmzi olan, millət iradəsinin qüdrətini göstərən Çanaqqala savaşından, böyük Atatürkün şah əsəri olan Cümhurriyyət doğmuş. Yüz il əvvəl imperialist dövlətlər Osmanlı xanədanının çöküş gününü gözləyirkən, qarşılarında onların xain planlarını alt-üst etmək əzmində olan bir dühanı sezdilər.

Bir düha kəsmişdi Konstantinopol qisasçılarının qarşısını. Bir duha kəsmişdi qosqoca Osmanlı xanədanını parçalamaq, sonra öz aralarında bölüşdürmək istəyən işğalçı dövlətlərin qarşısını. Hərbi istedadı, siyasi yetkinliyi, tarix bilgisi, diplomatik məharəti hər kəsi heyrətə salan, sonsuz vətən sevgisi vətəninə göz dikənləri peşiman edən bir öndər idi, onların xam xəyallarını puç edən. Şərtlər dəyişilmiş, zorla imza atdırlan razılaşmalar, əldə edilən hərbi üstünlüklərdən sonra dəyərini itirmişdi. Avropa başbilənlərinin Avropanın “xəstə adamı” adlandırdığı Osmanlının yerinə, sağlam vücudu, iti zəkası, millətinin gələcəyinə işıq salan, Türkiyəni yenidən dizayn edən uca bir şəxsiyyət gəlmiş. 1500 il əvvəl türk xaqanı Atillanın qarşısında diz çöküb, aman diləyən Papanın yerini isə, Cümhurriyyətin şanlı bayrağını ucaldan Atatürkü təzimlə salamlayan dövlət başçıları tutmuşdu. İnkişaf edən, dünyada söz sahibi olan müasir Türkiyə Cümhurriyyətinin təməl daşını qoyan, adı, ünvanı sayqı və rəhmətlə anılan Mustafa Kamal Atatürk və onun qurucu arkadaşları olmuşdur. Məhz onların qazandırdığı zəfərdir ki, təkcə Türkiyədə deyil, bütün Türk dünyası bu zəfərin sevincini yaşayır.

Zəfər günün qutlu olsun, sevgili Türkiyəmiz!

Nazlı Türkiyəm

Bir dil vurğunuyam, dili dilimdən,

Gözəllər gözəli, nazlı Türkiyəm.

Bir el vurğunuyam, eli elimdən,

Al bayraqlı, ay ulduzlu Türkiyəm.

Hüsnünü, seyrinə çıxanlar bilir,

Sənə doğma gözlə baxanlar bilir,

Eşqinə canını, yaxanlar bilir,

Canda canım, mavi gözlü Türkiyəm.

Sufilər məkanı, ariflər yurdu,

Sinən üstə bir eşq məbədi qurdu,

Qosqoca İstanbul gözümdə nurdu,

Ozanlı, dərvişli, sazlı Türkiyəm.

Heyranam qışına, yazına sənin,

Türkülər çalınan, sazına sənin,

Yazan gözəl yazmış, yazını sənin,

Şirin dilli, xoş avazlı Türkiyəm.

Nə böyük müəzzəm, gedilən yolun,

Ulu Atatürklə, keçilən yolun,

Bayraqdarısan sən, seçilən yolun,

Turandır son mənzil, gözlə, Türkiyəm.