Əhalinin nominal gəlirlərinə baxdıqda manatın dəyər itirməsi ilə bağlı fikirlə razılaşa bilmərəm.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Taleh Kazımov qeyd edib ki, banklararası bazar yaradılmasına 1 il ərzində nail olublar: “Bu, çox böyük nailiyyətdir. Bunun nəticəsi olaraq pul bazarı artıb. Bank olmayan təşkilatların arasında əməliyyatlar pul bazarı nöqteyi-nəzərindən kəskin artıb. Bu bizim üçün böyük fürsət idi ki, sistemli şəkildə izafi pul kütləsini sterilizasiya edək. Biz 4 milyardadək pul sterilizasiya etdik. Bizim məqsədimiz izafi tələbi məhdudlaşdırmaq idi. Real sektorun maliyyələşdirilməsi nöqteyi-nəzərinə gəldikdə, maya dəyəri nöqteyi-nəzərindən təmərküzləşmə mövcuddur. Biz təmərküzləşmə ilə mübarizə aparırıq. Ümidvaram ki, növbəti addımlarımızı görəndə başa düşəcəksiniz ki, bu bizim üçün prioritet sahədir. Bizim bu gün banklararası bazarda 2 milyarda yaxın sərbəst vəsait var. Büdcə xərclərinin artırılması ilə bank kreditləşməsi azalır və ya əksinə. Bunu illər üzrə bölsək görərik. Ona görə də uçot dərəcəsini azaldırıq”.


Şərhlər
Heç vaxt dükana-bazara getməyən adamın manat-qiymət-dəyər filan məsələlərindən danışmağı beləcə ütülənmiş qat kəsmiş kitab cümlələrindən o yana getməz.Sanki “Metafizika” əsərini oxudum,amma Amerikada-filanda savadımı artırmaq şərəfinə nail olmadığım üçün heç bir şey anlayammadım.Görəsən bu adam bilirmi dükanda-bazarda ət bahadır? Bilirmi ki,millət 300-400 manat maaşa-pensiyaya ət alıb yeyəmmir deyə qəssab görən kimi,Sabir demiş,az qalır nəfsi it kimi hürə dırmaşa ətə?
Şəxsən mənə aydın olmadı nə deməkdir... “Əhalinin nominal gəlirlərinə baxdıqda manatın dəyər itirməsi ilə bağlı fikirlə razılaşa bilmərəm”.... müzakirədə söhbət əhalinin real gəlirlərindən gedir ya manatın dəyərindən ??? Manatın dəyərinin 3 göstəricisi var – inflyasiya (alıcılıq qabiliyyətinin dəyişməsi), faiz dərəcəsi (manatın təmin etdiyi gəlirlər) və mübadilə məzənnəsi (xarici valyutalara nisbətdə dəyəri)... ilk iki göstərici üzrə manatın dəyəri bir mənalı olaraq azalıb; ....sonra: “Büdcə xərclərinin artırılması ilə bank kreditləşməsi azalır və ya əksinə. Ona görə də uçot dərəcəsini azaldırıq”.... büdcə xərclərini artımı bank kreditlərinə tələbatı azaldısa, bu təlabatı artırmaq üçün faiz dərəcəsini endirməyə nə zərurət var, əgər parallel olaraq inflyasiyanın zəiflədilməsi üçün dövriyyədən 4 mlrd. izafi pul kütləsi çıxarılıb ??? Mərkəzi bank iqtisadi aktivliyi stimulaşdırır ya inflyaisyanı məhdudlaşdırır???....
Manat son 30 ilə yaxındır dəyər itirməkdədir.Bunu bazar qiymətləri sübut edir.Kabintdə oturub fətz etməklə ölkə iqtisadiyyat,maliyyəsi,xalqın yaşamı günbəgün ağırlaşir.Buna əsas səbəb isə bazar qiymətlrinin 45-70 faiz artımı qarşısında əmək haqqı,müavinət və pensiyaların 8-10 faiz artımı və ölkəni bürüyən işsizlik və özbaşınalıqlardır.e
Gülməli məlumat!Bu adam necə MB-a sədr təyin edilib?Adam görmür ki, qiymətlər necə sürətlə artır,maaş,müavinət,pensiya yerində sayır.Bunu görməyə,bilməyə ağıl lazımdır?