Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “AzPolitika.info”-ya müsahibəsində Azərbaycan və Ermənistan arasında təxirə düşən sülh danışıqlarının perspektivi, Qarabağa qayıdış prosesi, müharibədən sonra ölkənin qarşısında duran çağırışlarla bağlı sualları cavablandırıb.

Müsahibəni oxuculara təqdim edirik:

- Elçin bəy, oktyabrın sonunda Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşü baş tutmadı. Bakı qarşı tərəfə Tbilisidə ikitərəfli müzakirələr aparmağı təklif edib, amma Ermənistan buna isti yanaşmır. Habelə sülh danışıqlarının “3+3” formatı çərçivəsində aparılması ilə bağlı da təkliflər var. İrəvan bu təklifə də isti baxmır. Sizcə bu vəziyyət sülhün perspektivinə təhlükə yaradırmı?

- Əvvala onu deyim ki, “3+3” formatı deyə bir şey yoxdur. Bu, yalandan ortaya atılan bir şeydir. Çünki Gürcüstan bu formata qoşulmaq istəmir və deyir ki, “mən Rusiya olan yerdə iştirak etmək istəmirəm”.

- Gürcüstan gələcəkdə mövqeyini dəyişə bilərmi?

- Düşünmürəm. Çünki indiki Gürcüstan hakimiyyəti ondan əvvəlki ilə müqayisədə xeyli Rusiya meyllidir. Amma buna baxmayaraq, yenə də deyirlər ki, “biz orada iştirak etməyəcəyik”. Hesab edirəm ki, ən yaxşı variant Tbilisidə birbaşa görüşdür. Biz 1993-cü ildə Gürcüstanda olanda bir nəşriyyatda kiçik bir məqalə dərc etdirmişdik. Həmin məqələnin əsas fikri bundan ibarət idi ki, ermənilərlə azərbaycanlıların arasına heç kim girməsə, biz yarım il ərzində bütün məsələləri həll edəcəyik. Mən bu günə qədər də inanıram ki, bu belədir. İndi geosiyasi vəziyyət elədir ki, üçüncü tərəflər burunlarını hara gəldi soxurlar. Bu məsələdə üçüncü tərəf kimi, Fransa Prezidenti Emmanuel Makron çıxış edir. Ermənilər ona görə Tbilisidəki görüşdən imtina edirlər ki, orada Fransa və Almaniya kimi dövlətlər yoxdur. Ermənilər düşünürlər ki, Rusiyanın onlara bir köməyi dəymir, amma Fransa və Almaniya onlara yardım edə bilər. Almaniya iqtisadi cəhətdən güclü dövlətdir, Fransanın da sanbalı var. Ona görə də biz fransızları maraqlandırmasaq, bu məsələ elə belə də davam edəcək. Bu gün Qərblə şərqi təmsil edən Rusiya arasında bu bölgədə nüfuz üstündə dartışma gedir.

- İndi Azərbaycanın prioritetləri sırasında bir neçə vacib məsələ var: Rusiya sülhməramlılarının gələcək taleyi və Qarabağda məskunlaşma prosesi. Siz bu istiqamətdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Bu sahədə problemlər gözlənilirmi?

- Əsas prioritet Qarabağı bərpa etməkdir. Hesab edirəm ki, bu, ilkin mərhələdə ən azı 3 il vaxt alacaq. Çünki fiziki cəhətdən bunu daha tez etmək mümkün deyil. Düşünürəm ki, rusların Qarabağda qalıb-qalmamağı yavaş-yavaş gündəmdən düşəcək və onlara ehtiyac qalmayacaq. Bu bizdə qıcıq yaratsa da, Rusiya ilə aparılan siyasət düzgündür. Rusiyayla gərək yavaş-yavaş, kəllə-kəlləyə gəlməmək şərtilə davranasan. Belə bir deyim var ki, su zamanla böyük bir qayanı belə əridə bilir. Ona görə də bu məsələ yavaş-yavaş öz həllini tapacaq. Burada Rusiya-Ukrayna müharibəsinin nəticələri, 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkiləri, həmçinin İsrail-Fələstin müharibəsi fonunda Rusiyanın Suriyadakı mövqeyi də bu məsələni asanlaşdıracaq.

- Hazırda Qarabağda xüsusən də Hadrut, Əsgəran, Xocalı və Xankəndidə kifayət qədər sağlam infrastruktur var. Bu səbəbdən köç prosesinə dərhal başlamaq olarmı?

- Bəli, indi də köçmək olar. Məsələn, mənin Xankəndidən olan bir tanışım - mədəniyyət xadimi deyir ki, bu dəqiqə icazə versələr Xankəndiyə köçərəm. Adam orada doğulub-böyüyüb, indi isə 70-dən artıq yaşı var. İstəyir ki, qayıtsın öz dədə-baba yurdunda yaşasın. Belə insanlarımzın sayı kifayət qədər çoxdur. Ancaq təbii ki, Bakıda məskunlaşan gənc nəsil fərqli düşünür. Onların işi-gücü burada qurulub. Ona görə də Bakl ilə əlaqələrini kəsmək istəməyəcəklər.

- Köç məsələsinin həm də Bakıda əhalinin sayının azalmasına müsbət təsir edəcəyini düşünənlər var...

- Düşünürəm ki, Bakının qələbəliyi bizdə kommunikasiya problemləri ilə bağlıdır. O demək deyil ki, avtomobillər, yaxud yollarımız bərbaddır. Yollar düzəlir, avtomobil də nə qədər istəsən var. Bizdə elementar dəmir yolları, sürətli qatar sistemi yoxdur. Mən Avstriyada olanda bunun haqqında yazı yazmışdım. Qeyd etmişdim ki, əhalisi bizdən az, ərazisi bizimlə eyni olan Avstriyanın Vyana şəhəri ilə Zalsburq şəhəri arasında 402 kilometr məsafə var və qatar bu yolu cəmi 2 saat 20 dəqiqəyə gedir. Amma biz burdan Qazağa 12 saata çatırıq. İndi guya sürət qatarları var, hansı ki, 5 saata gedir. Nəyimə lazımdır, 5 saata elə avtomobillə də getmək olur da bu yolu. Biz ilk növbədə bu məsafələri azaltmalıyıq. Elə olmalıdır ki, Ağstafada yaşayan bir vətəndaş qısa vaxt ərzində Bakıya gəlib, işini görüb qayıda bilsin.

- Bəs ermənilərin Qarabağa qayıdışını gözləyirsinizmi?

- Sözün doğrusu, gözləmirəm. Əslində ağılları olsaydı, müəyyən bir qisim qayıdardı. İndi nə qədər aramızda düşmənçilik olub, qan tökülübsə də, iş orasındadır ki, onlar oradan tamamilə köçüb gedəsi deyillər. Belə bir şey ola bilməz. Ona görə biz qonşu olaraq yaşamalıyıq. İndi vacib deyil ki, bir-birimizi sevək. Amma heç olmasa bir-birimizi görəndə dava etməyək. Hesab edirəm ki, gələcəkdə iqtisadi əlaqələrin yaranması, alış-verişin artması bu yaxınlaşmaya kömək edəcək. Məsələn, vaxtilə almanlarla fransızlar arasında 100 illik müharibə olub. Amma indi hər iki xalq adam kimi yaşayırlar.

- Qarabağ müharibəsi bitdi və Azərbaycan suverenliyini bərpa etdi. Bundan sonra daxili məsələrlə bağlı hökumətin qarşısında hansı çağırışları var?

- Ölkə daxili ilə bağlı çağırışlar çoxdur. Bunlar sosial və iqtisadi məsələlərlə bağlıdır. Lakin bu barədə bir az gözləmək lazımdır. Çünki biz ilk növbədə qaz və neftdən iqtisadiyyatın asılılığını böyük miqdarda azaltmalıyıq. İndi bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə bərpa olunan enerji ilə bağlı müqavilə bağlandı. Bu istiqamətdə Azərbaycan çox irəli gedə bilər. Gələcəkdə dalğa və külək enerjisindən istifadə etmək, günəş batareyalarından yeni dəhlizlər qurmaq olar. Digər tərəfdən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı üçün çox gözəl, əlverişli şərait, əsas da içməli su mənbələri var. Ermənilər orada heç nə tikməyib, amma təkcə kənd təsərrüfatı məhsullarının hesabına özlərini dolandırıblar. Eyni zamanda, biz Azərbaycanda kiçik və orta biznes üçün normal şərait yaratmalıyıq. Orta burjuaziya yaranmalıdır. Bu burjuaziya sözünü yaxşı mənada işlədirəm. Bu təbəqə yaranmamış normal vəziyyət olmayacaq. Çünki indi Azərbaycanda zənginlərlə kasıb təbəqə arasında fərq getdikcə artır. Kiçik bir qisim varlanır, digər qisim bir az da zəifləyir. Bu fərqi azaltmaq üçün kiçik və orta biznes olmalıdır.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”