Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.
"AzPolitika.info" xəbər verir ki, Ombudsman bildirib:
"Hörmətli komitə sədrləri!
Hörmətli millət vəkilləri!
Hər birinizisalamlayır və 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirələrində iştirak etmək üçün dəvət olunduğuma görə Sizə təşəkkür edirəm.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızın düşmən işğalından azad edilməsindən sonra ölkəmiz sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoymuşdur.
Qarabağ iqtisadi rayonunda vətəndaşlarımızın hüquqlarının etibarlı müdafiəsi, onların təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan lokal antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf ərazilərimizin də terrorçulardan təmizlənməsi keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasına, onların 30 ilə yaxın müddət ərzində pozulmuş hüquq və azadlıqlarının bərpaolunması istiqamətində mühüm addımlar atılmasına imkan vermişdir.
İstər iqtisadi, istərsə də sosial sahələrdə həyata keçirilən silsilə tədbirlər əhalinin həyat səviyyəsinin və yaşayışının daha da yaxşılaşmasına, onların hüquqlarının səmərəli təmin edilməsinə yönəlmişdir.
Qeyd edilənlərlə yanaşı, ölkəmizin vətəndaşları tərəfindən Ombudsmana ünvanlanan müraciətlərin, o cümlədən şikayət və təkliflərin təhlili iqtisadi və sosial sahələrdə önə çıxan bir sıra problemlərə diqqəti cəlb edir.
İnsan hüquqlarının daha səmərəli təmin edilməsi, o cümlədən aztəminatlı ailələrin və əhalinin həssas qruplarının üzləşdikləri problemlərin həlli nəqsədilə bir sıra məsələlərin növbəti ilin büdcə zərfində diqqətə alınmasına ehtiyac vardır.
Hörmətli millət vəkilləri!
Sizin diqqətinizi bu problemlərə cəlb etməklə onların həllində zəruri olan vəsaitin büdcədə nəzərdə tutulmasını məqsədəmüvafiq hesab edirəm.
Belə ki,
- sağlamlığın qorunması hüququnun sözün əsil mənasında effektiv təmin edilməsi məqsədilə bütün tibbi xidmətlərinin və xəstəliklərin icbari tibbi sığorta hesabına həyata keçirilməsi,
- əmək pensiyasının minimum məbləği artırılarkən həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən məbləğdə artırılması,
- 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi olduqca vacibdir.
Diqqətinizə təqdim etdiyim həmin məsələlərlə yanaşı,
- əhalinin, xüsusilə aztəminatlı ailələrin və həssas qrupların real ehtiyacları nəzərə alınaraq, minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının miqdarının (həcminin) artırılmasına,
- hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsinə,
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləğinin artırılmasına,
- milli genofondun və ailə sağlamlığının əsası kimi körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkili məqsədilə “ana südü mətbəxləri”nin təşkil edilməsinə,
- dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasına,
- Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması nəticəsində fərdi yaşayış evlərinə və mənzillərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədlə zəruri maliyyə vəsaitinin ayrılmasına
- sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərə müyəssər olması üçün uyğunlaşdırılması məqsədilə maliyyə vəsaitinin ayrılması, eyni zamanda belə şəxslər üçün tələbata uyğun sayda müyəssər ictimai nəqliyyat vasitələrinin alınmasına dəstək verilməsinə,
- hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin ölkə üzrə minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına,
- hərbi qulluqçulara real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin artırılmasına,
- məhkəmə qətnamələrinə əsasən dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan borcun ödənişinin təmin edilməsi məqsədilə dövlət büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulmasına da ehtiyac vardır.
Qeyd etdiyim məsələlərlə yanaşı, Ombudsman təsisatının fəaliyyətinin gücləndirilməsi, o cümlədən pozulmuş insan hüquqlarının bərpası, habelə insan hüquqlarının pozulmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin genişləndirilməsi məqsədilə:
- qəbul edilmiş qanunvericilik aktları, müvafiq qərarlar, habelə İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının da tövsiyələrində qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması və bütün şəxslər üçün bərabər hüquqların təmin edilməsi, bu sahədə problemlərin müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə əlavə resursların təmin edilməsi baxımından Ombudsman Aparatında Ayrı-seçkiliyəqarşı mübarizə şöbəsinin yaradlması,
- eyni zamanda Edinburq Bəyannaməsindən irəli gələn tövsiyələrin ölkədə icrası, həmçinin xarici təcrübəni nəzərə alaraq, Ombudsman Aparatında “Biznes və insan hüquqları” sektorunun təşkil edilməsi,
- ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı beynəlxalq qurumların geniş məlumatlandırılması, qabaqcıl təcrübənin əldə edilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi, həmçinin müxtəlif ölkələrdə fəaliyyət göstərən milli insan hüquqları institutları ilə əlaqələrin genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə təşkil edilmiş beynəlxalq tədbirlərdə ezamiyyə qaydasında iştirakın təmin edilməsinə yönəlmiş maliyyə təminatının artırılması;
- bu məqsədlə xarici ölkələrə ezamiyyə xərclərinin normalarına yenidən baxılması,
- dövlət strukturları üçün nəzərdə tutulmuş proqram təminatı lisenziyalarının alınması;
- Ombudsman aparatının və regional mərkəzlərinin maddi bazasının yenilənməsi və müasirləşdirilməsinə maliyyə dəstəyinin verilməsi də insan hüquqlarının daha effektiv və çevik müdafiəsi baxımından olduqca əhəmiyyətlidir.
Ümid edirəm ki, qeyd etdiyim təkliflər ölkəmizin maliyyə durumuna müvafiq olaraq öz həllini tapacaq, bununla da insan hüquqlarının etibarlı müdafiəsinə dəstək verəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm!"


Şərhlər