"Bu ilin sonuna qədər sülh sazişinin imzalanması problemli görünür"
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli "AzPolitika.info"-ya müsahibəsində Rusiya-Ukrayna müharibəsində mövcud vəziyyət, Ermənistanda çevriliş cəhdi, Azərbaycanla Emənistan arasında sülh sazişinin mümkün perspektivləri, eləcə də Qarabağda məskunlaşma prosesi ilə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Qabil bəy, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı xarici mətbuata müsahibəsində tükənməkdə olduqlarını deyib, Qərbdən bir sıra hücum və müdafiə silahlarının, aviasiyanın təcili tədarükünü istəyib. Bu arada beynəlxalq media ABŞ və Avopa İtifaqının hər iki ölkə ilə gizli sülh danışıqlarına başladıqlarını yazır. Sizcə, nə baş verir, müharibə proqnozlaşdırılan istiqamətdə nəticələnməyə bilərmi?
- Bəli, təəssüf ki, yazılanların bəziləri həqiqətə uyğundur. Ukraynanın hərbi ehtiyacını ödəmək üçün nə Avropa ölkələrinin, nə də Amerika Birləşmiş Ştatlarının indiki dəstəyi lazımi səviyyədə deyil. ABŞ-ın hərəkətlərini məhdudlaşdıran, onu fərqli bir mövqe sərgiləməyə vadar edən əsas amil isə Konqresdəki Respublikaçılar Partiyasının nümayəndələridir. ABŞ-dakı prezident seçkiləri də daxil olmaqla, digər bütün amillər Qərbin Ukrayna siyasətinə təsir edir və nəticədə hərbi əməliyyatların intensivliyi aşağı düşür. Amma hələ ki, bütün bunlar nə NATO, nə də ABŞ tərəfindən etiraf olunmur. Onlar əvvəlki kimi optimist formada Ukraynaya dəstəklərini davam etdirəcəklərini bildirirlər. Məsələn, qeyd edirlər ki, yaxınlarda Ukraynaya F-16 təyyarələrini göndərəcəklər. Ukraynanın tələb etdiyi ATACMS silahı isə artıq Ukraynaya çatdırılıb. Belə görünür ki, Ukraynaya uzaq mənzilli raketlərin verilməsində hər hansı bir fikir ayrılığı nəzərə çarpmır. Təbii ki, general Zalujnı düzgün qeyd edir. Onların, mərmi ehtiyatları azalıb, həmçinin zirehli texnika sarıdan da problemlər var. Bütün bunlar döyüş əməliyyatlarının həyata keçirilməsini çətinləşdirir. Çünki zirehli maşınlar olmadan hücuma keçdikdə bu, daha böyük sayda insan itkisinə gətirib çıxara bilər. Mən hesab edirəm ki, Qərb ölkələri, ilk növbədə də ABŞ öz vədlərini yerinə yetirməlidir.
- Mümkün ssenariləri necə dəyərləndirisiniz? Qərb Ukraynanı atəşkəsə, yaxud sülhə məcbur edə bilərmi? Rusiyaya qarşı təzyiqlər azalacaqmı?
- Məncə, Ukraynanı danışıqlara məcbur etmək kimi bir metod gerçəklikdən uzaqdır. Ukrayna ərazi bütövlüyünü təmin etmədikcə, hər hansı bir danışığa getməyəcək. Üstəlik, cəbhədə yaranan vəziyyət elə ağır deyil ki, Qərb Ukraynanı bu məsələdə güzəştə getməyə məcbur etsin. Sadəcə döyüş əməliyyatlarının intensivliyi müəyyən qədər azalıb və Ukrayna ordusunun silah-sursat ehtiyacları vaxtında qarşılanmır. Amma Bayden başda olmaqla, digər Qərb dövlətlərinin rəsmilərinin çıxışlarına fikir versək görərik ki, Ukraynaya münasibətdə ciddi bir hüquqi dəyişiklik yoxdur. Onlar sona qədər Ukraynanın yanında olmaq istəyirlər.
- Ukraynada atəşkəs Rusiyanın postosvet regionunda, o cümlədən Cənubi Qafqazdakı mövqelərinə necə təsir göstərə bilər? Azərbaycan-Rusiya münasibətlərində hansı dəyişikliklərin baş verməsi mümkündür?
- İlk növbədə Ukraynada mümkün atəşkəs Rusiyaya yeni silahlar əldə etməyə, hərbi istehsalı bərpa etməyə və nəticədə öz ordusunu gücləndirməyə xidmət edəcək. Qərb strateqləri də yaxşı başa düşür və bilirlər ki, Rusiyanın atəşkəsə nail olması bu ölkənin yeni avantüralara baş vurmasına, xüsusən də postsovet məkanındakı respublikalara təzyiq göstərməsinə rəvac verə bilər. Elə indinin özündə də Rusiya Cənubi Qafqazda ciddi təzyiqlərlə öz fəaliyətini davam etdirməyə çalışır. Ancaq Rusiya atəşkəsə nail olsa belə, postsovet məkanındakı əvvəlki nüfuzunu qoruyub saxlaya bilməyəcək. Bu ölkələrlə daha ehtiyatlı davranmağa çalışacaq. Artıq Rusiyanın dövrü ötüb keçib. Ölkənin daxilində ciddi proseslər gedir. Özü də bu proseslər milli azlıqların etiraz sədaları atında davam edir. Dağıstanda baş verən hadisələr göstərdi ki, dini zəmində anti-Rusiya meyllərinin artması Rusiyanı daxildən xeyli sarsıda bilər. Rusiya indiyə qədər daxili proseslərə o qədər də əhəmiyyət vermirdisə, artıq bundan sonra daxili sabitliyi qorumaq istiqamətində yeni variantlar üzərində düşünməyə məcburdur.
- Qarabağdakı Rusiya hərbi kontingentinin bölgəni tərk etməsi ilə bağlı videolar yayılır. Dünən daha bir müşahidə məntəqəsinin ləğv olunması elan edildi. Rusiya Müdafiə Nazirliyi isə bunu rotasiya-yerdəyişmə adlandırır? Siz bu prosesi necə izah edirsiniz?
- Bəli, Rusiya Qarabağ bölgəsindəki sülhməramlı qüvvələrini yavaş-yavaş ixtisar edir. Yararsız hala düşmüş və ya müəyyən nasazlıqları olan texnikalar bölgədən çıxarılır. Artıq rusların Qarabağdakı 20-yə yaxın postu ləğv edilib. Rusiyanın təkcə Xankəndi və Xocalı istiqamətindəki mövqeləri qalmaqdadır. Amma diqqət etsək görərik ki, Rusiyanın bölgədən gedəcəyi açıq-aydın ortadadır. Rusiya Azərbaycandan bu ilin sonuna qədər burada qalmağı xahiş etsə də, proses sürətlənə, bölgə Rusiya qoşunlarından daha tez təmizlənə bilər. Çünki Rusiyanın Ermənistandan fərqli olaraq, Azərbaycan sarıdan heç bir nigarançılığı yoxdur. Üstəlik, sülhməramlıların bölgədəki fəaliyəti də minimuma enib.
- Rusiya-Ermənistan münasibətlərində vəziyyət nə yerdədir? Bu günlərdə Ermənistan DTX Rusiya tərəfindən planlaşdırılan dövlət çevrilişi cəhdinə hazırlıqla bağlı faktları ictimaiyyətə açıqladı. Əməliyyatın adı “Şimal küləyi” idi və açıq şəkildə Rusiya ittiham edilirdi. Sizcə, qarşıdakı dövrdə iki ölkənin münasibətlərində hansı dəyişikliklər ola bilər? Ermənistanda dövlət çevrilişi mümkündürmü?
- Rusiya artıq yarım ilə yaxındır ki, Ermənistanda hakimiyyəti dəyişməyə çalışır. Bunun üçün Ermənistan daxilində olan "beşinci kolon" qüvvələrindən, Qarabağ klanının üzvlərindən və revanşist əhval-ruhiyyəli insanlardan istifadə etməyə çalışır. Rusiyanın bilavasitə hərbi çevrilişə cəhd edəcək qüvvəsi Gümrüdəki 102-ci hərbi bazasıdır. Amma bu hərbi birləşmənin açıq formada Ermənistanda siyasi hakimiyyət dəyişikliyi ilə bağlı addım atması kifayət qədər problemli bir məsələdir. Belə bir hadisə baş versə, Rusiyaya qarşı Qərbin, bütövlükdə dünya ölkələrinin münasibəti daha da pisləşəcək. Rusiya bu məsələdən ciddi siyasi itkilərlə çıxacaq. Ona görə də, Rusiyanın Ermənistanda hərbi çevrilişə əl qoyacağını demək çətindir. Biz onu da nəzərə almalıyıq ki, Baş nazir Nikol Paşinyan kifayət qədər yaxşı qorunur. Avropa Birliyindən və ABŞ-dan göndərilən əlavə qüvvələr hesabına bu gün Paşinyanın mühafizəçilərin sayı 3 min nəfərə çatdırılıb. Eyni zamanda, İrəvanda siyasi rəhbərliyin qorunmasına xidmət edən müəyyən qüvvələr də var ki, onlar fərqli bölgələrdə yerləşdiriliblər. Bütün bu nüansları nəzərə aldıqda deyə bilərəm ki, Paşinyanın öhdəsindən gəlmək mümkün olmayacaq.
- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ləngiyir, Bakı Qranada və Brüssel görüşlərindən imtina etdi, Almaniya XİN rəhbəri İrəvanda, ardınca Bakıda oldu. Prosesləri necə dəyərləndirisiniz, ilin sonuna qədər sülh perspektivini necə görürsünüz?
- Avropa sülh danışıqları səylərinə yeni dinamizm vermək istəyir. Bu məsələdə Avropa İttifaqının Prezidenti Şarl Mişelin, eləcə də ABŞ-ın siyasi rəhbərliyinin mövqeyi aydın hiss olunur. Avropa Birliyi və ABŞ istəyir ki, sülh danışıqları Avropa qitəsində davam etdirilsin. Sülh müqaviləsinin imzalanması da Avropa paytaxtlarının birində həyata keçirilsin. Düşünürəm ki, sülh müqaviləsinin bağlanması üçün ən əlverişli şərait Brüssel platformasındadır. Amma Azərbaycan tərəfi Brüssel prosesində öz maraqlarına uyğun gəlməyən sülh danışıqları gündəliyinin qəbul edilməsinin qəti əleyhinədir. Belə olan halda Azərbaycan danışıqlar prosesində iştirak etməyəcək və sülh prosesi yarımçıq qalacaq. Bu ilin sonuna qədər sülh sazişinin imzalanması kifayət qədər problemli görünür. Çünki xeyli vaxt itkisi baş verib, üstəlik də danışıqlar prosesində bir dalan vəziyyəti yaranıb və bu vəziyyətdən çıxmaq üçün göstərilən səylər kifayət qədər uğurlu deyil. Bu vəziyyətin əsas günahkarı isə Fransa Prezidenti Emmanuel Makrondur. Onun Brüssel prosesinə yersiz müdaxilələri və Qarabağda yaşayan ermənilərlə bağlı məsələləri qaldırmağa cəhd etməsi həm Qranada görüşünün, həm də Brüsseldə nəzərdə tutulan görüşlərin pozulmasına gətirib çıxarıb. Fransa açıq-aşkar deyir ki, o, Qarabağda yaşayan ermənilərin arxasında dayanıb və onların geriyə qaytarılması üçün öz səylərini davam etdirəcək. Azərbaycan cəmiyyətində isə belə bir fikir formalaşıb ki, ermənilərin Qarabağa qayıtması bölgədə vəziyyəti yenidən gərginləşdirə, hətta yeni müharibəyə səbəb ola bilər. Ona görə də, Azərbaycan zəfər paradını təkcə Xankəndi ilə məhdudlaşdırmayacaq, bundan sonra ətraf bölgələrdə böyük ordu qüvvələri saxlayacaq, onlara mütəmadi hərbi təlimlər keçəcək…
- Qarabağda məskunlaşma Azərbaycanın əsas prioritetidir. Bu istiqamətdə görülən tədbirləri necə qiymətləndirisiniz? Ermənilərin qayıdışını mümkün sayırsınızmı?
- Qarabağda məskunlaşma prosesi uğurla aparılır. Lazım olan infrastrukturun yaradılması, rayon mərkəzlərində yeni evlərin tikilməsi onu göstərir ki, Azərbaycan işğaldan azad olunmuş bölgələrə böyük vəsait ayırır. Əhalinin də böyük qayıdışa hazırlanması istiqamətində səylər kifayət qədər uğurludur. Ermənilərin geri qayıtma məsələsinə gəlincə, məncə, bu, o qədər də asan olmayacaq. Çünki bu iki xalq arasında çox böyük nifaq var. Ona görə də, ermənilər ağıllarını başlarına yığıb geriyə qayıtmaq ideyasından vaz keçməlidirlər. Məncə, onlar Qarabağdakı evləri üçün kompensasiya almaq məsələsini aktuallaşdırsalar, onlar üçün bu daha düzgün variant olar. Bu yolla həm də mümkün münaqişənin yenidən alovlanmasının qarşısı alına bilər.
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
Hörmətli Qabil müəllimi salamlayıram.Mənim texniki unversitetdə müəllimim olub.Yadımda səmimi və dürüst insan kimi qalıb.Uğurlar arzulayıram.
Bunun oturuşu,baxışı çox şübhəli görünür.Sünilik hiss edilir.Görəsən Qabil Hüseyinli kimə xidmət edir?