“XƏRÇƏNG”SİZ DİRÇƏLİŞ GÜNÜ
![](/images/ajax-loader.gif)
![](https://static.azpolitika.info/storage/news/854467db39e300d7a4fd815a91a9fd1c/6f45b51f-c7ce-4d80-86ab-8489b2fb1633.jpg)
![](https://azpolitika.info/images/views.png?id=736005&lang=az&x=1739489373.8915)
Rüfət ƏHMƏDZADƏ
Bu gün Azərbaycanda 17 Noyabr - Milli Dirçəliş Günü qeyd olunur. Son 30 ildə Azərbaycanın ərazi bütövlüyü ilə qeyd etdiyimiz ilk Milli Dirçəliş Günümüz.
Və bu gün digər günlərdən fərqlənir. İndiyə qədər qeyd etdiyimiz bütün Dirçəliş Günlərindən. Sanki bu gün həqiqətən də dirçəldiyimizin fərqinə varmış oluruq... Cəmiyyətimizdə yeni bir ruh hiss edilir.
Dünən Azərbaycanın futbol millisi Bakıda İsveç millisinə qarşı oynayırdı. Neçə gündür bərk soyuqlamadan yorğan-döşəkdə yatırdım və nə mətbuatı izləmək, nə də yazmaq gücündə deyildim. Axşama yaxın bir az yaxşılaşdım və dostlarımın dəvətini yerə salmayıb, onlarla birlikdə yaxınlıqdakı restoranda birgə futbol izləməyə getdim.
Sanki yuxuda idim və gördüklərimə inanmırdım. İllərdir deyirdik ki, milli komandamızda milli ruh yoxdur. Dünənki oyuna baxarkən, o milli ruhu da hiss etdim. Komandamız təkcə hücumda yox, müdafiədə də həqiqətən bir komanda oyunu göstərir, futbolçularımız bir-birini yaxşı anlayırdı. Sözün əsl mənasında birlik göstərə bilirsənsə, qələbə də əldə edə bilirsən... Milli Dirçəliş Günü öncəsi, futbolçularımız bu birliyi də, qələbəni də bizə hiss etdirdilər. Onlara təşəkkür edirəm.
Həmin an yaxındakı masadan bir yoldaş bu sözləri dedi: “Qarabağ məsələsi həll olundusa, bundan sonra Azərbaycanda çox şey dəyişəcək”.
Bu yazını banal ifadələrlə doldurmaq istəmirəm. Amma həqiqətən də, düşünürəm ki, həmin şəxs doğru deyir. Bundan sonra, xalqımızın qarşısında yeni üfüq açılır. Biz o üfüqə doğru getməliyik...
Amma bir cəmiyyət olaraq da, dəyişiklik üçün hazır olmalıyıq. Rüşvətin kökünü tamamilə kəsməliyik. Bunun üçün isə ilk növbədə, özümüz rüşvət verməyə can atmamalıyıq.
Bizim insanların çox sevdiyi bir ifadə var: “Bunun tez-bazar həll yolu varmı?” Demokratiyanın tez-bazar yolu olmur. Gediləsi, keçiləsi uzun bir yoldur. Təmkinlə, zəhmətlə bu yolu getmək alnımıza yazılıb. Necə ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpasına illər getdi. Alnımıza yazılan budur... Asan əldə edilən nemətin qədri elə də bilinməz. Zəhməti, məşəqqəti olan uğurların qiyməti olur.
Bir şey də əlavə edim. Uzun illər boyu, Azərbaycan sanki “xərçəng” xəstəliyindən əzab çəkirdi. Bu, Vətənin bağrındakı separatçı rejim idi. Əvvəlcə, onun şaxələnməsinə son verdik, 7 rayonu, Şuşanı, Hadrutu və Suqovuşanı işğaldan azad etdik... Sonda isə “xərçəng” tamamilə yox edildi.
Bu gün bizim “xərçəng”siz ilk Dirçəliş Günümüzdür. Biz daha “xəstə” bir ölkənin vətəndaşı deyilik. Əzablı bir xəstəlikdən sağalan bir dostunuza nə deyərsiniz?
Həmişə ayaq üstə!...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.