Avropa Birliyinin Ukrayna ilə bağlı təhlükəsizlik öhdəliyi planında yer alan detallar açıqlanıb.
“AzPolitika.info” “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, söhbət Avropa İttifaqının (Aİ) dekabrda keçiriləcək sammitində müzakirə olunacaq Avropa Komissiyasının qərar layihəsindən gedir.
Sənəddə Ukraynaya uzunmüddətli hərbi dəstək mexanizmi, Ukrayna hərbçilərinin təlimi və ölkənin müdafiə sənayesinin inkişafına yardım, hibrid təhdidlər və dezinformasiya ilə mübarizədə əməkdaşlıq, kəşfiyyat məlumatları və peyk görüntülərinin mübadiləsi, Ukraynanın enerji və nüvə təhlükəsizliyinə dəstəyi əhatə edir. Həmçinin sənəddə Ukraynada Aİ-yə daxil olmaq üçün zəruri olan islahatların aparılmasına yardım məsələsi də öz əksini tapıb.
Ukrayna öz növbəsində demokratiyaya, insan hüquqlarına və söz azadlığına sadiqliyini sübut etmək üçün bir sıra islahatlar aparmağı öhdəsinə götürür. Kiyev iqtisadiyyatı davamlı inkişaf yoluna çıxarmalı, həmçinin ordu üzərində demokratik nəzarəti gücləndirməlidir.
Sənəddə qeyd olunur ki, silah tədarükü ilə bağlı yardım Avropa Sülh Fondu adlanan qurum vasitəsilə davam etdiriləcək. Bu mexanizm Aİ ölkələrinə Ukraynanın silahlanması xərclərini ödəməyə imkan verir.
Gözlənilir ki, Aİ-yə üzv ölkələrin səfirləri bu həftə, sözügedən ölkələrin liderləri isə dekabrda bu planı müzakirə edəcəklər.
Xatırladaq ki, iyulda NATO-nun Vilnüsdə keçirilən sammiti zamanı G7 ölkələri Rusiyanın gələcək mümkün təcavüzünün qarşısını almaq məqsədi ilə Ukrayna üçün bir sıra ikitərəfli təhlükəsizlik təminatları hazırlamaq barədə razılığa gəliblər.
Avqustun əvvəlində Kiyev və Vaşinqton Ukrayna üçün təhlükəsizlik təminatları üzrə danışıqlara başlayıb. Daha sonra onlara London və Paris qoşulub. Ukrayna tərəfi ümidvar olduğunu bildirib ki, ilin sonuna qədər ilk sazişlər bağlana bilər.
“Bloomberg” adı açıqlanmayan Aİ diplomatına istinadən yazır ki, bu arada, Aİ-nin Ukraynanın hərbi xərcləri üçün dörd il ərzində 20 milyard avro ayırmaq üzrə ilkin planı pozula bilər. Çünki bir sıra Aİ üzvü ölkələr bu planın şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
“Bloomberg”in mənbəsi qeyd edib ki, Macarıstan Avropa İttifaqı adından Ukraynaya dəstək üçün vəsaitin ayrılmasına mane olur. Bunun fonunda Avropa Birliyi Ukraynaya gələcəkdə də yardım göstərməyə davam etmək öhdəliyinə uyğun olaraq gələn il Kiyevə 5 milyard avro ayrılması barədə razılığa gəlməyi təklif edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər