“Rusiyanı birdəfəlik məğlub etmək üçün biz Ukraynanı NATO-ya üzv etməliyik. Əgər Qərb Kiyevin tezliklə Alyansa qoşulmasını lazım bilməsə, qanlı və çıxılmaz bir vəziyyət yaranacaq”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə britaniyalı iş adamı və yazar Lord Aşcroftun “The Telegraph” nəşrində yayımlanan məqaləsində bildirilir.
Sözügedən məqalənin maraqlı hissələrinin tərcüməsini təqdim edirik:
“Təəssüf ki, Ukrayna NATO üzvü deyil. Baxmayaraq ki, o, Sovet İttifaqının dağılmasından üç il sonra, yəni 1994-cü ildən NATO tərəfdaşıdır. Əgər Ukrayna NATO-nun tam üzvü olsaydı, Rusiya çətin ki, bu ölkəni işğal etməklə bağlı belə bir addım atardı. İndi isə vəziyyət daha mürəkkəbdir. NATO ölkələri Ukraynanın üzvlük məsələsinə ehtiyatlı yanaşırlar. Onlar bunun Şərqi Avropada münaqişənin kütləvi şəkildə genişlənməsinə səbəb olacağından ehtiyat edirlər.
Bu gün ukraynalıların əsas arzusu odur ki, Qərb, xüsusən də ABŞ onlara qalib gəlmək üçün F16 qırıcıları və digər yüksək texnologiyalı silahları verəcəklər. Lakin bu, indiki vəziyyətdə xəyaldan başqa bir şey deyil.
İndi ukraynalılar tərəfindən alçaq tonda danışılan iki bədbin ssenari var. Birinci ssenariyə görə, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin bir hissəsini, bəlkə də Krımı və şərqdəki torpaqlarını kapitulyasiya əsasında Rusiyaya verməkdir. Bu yolla daha çox insanın həyatını xilas etmək mümkün ola bilər.

Ukraynalıların daha az maraq göstərdiyi ikinci ssenari isə bəlkə də on il və ya daha çox davam edəcək bir müharibə vəziyyətində yaşamaqdır. Bu ssenari də Rusiyanın xeyrinə olacaq. Çünki əhali və ərazi nisbətində Rusiya Ukraynadan üstünür. Uzun sürən müharibədə daha çox canlı qüvvəsi olan Rusiya yavaş-yavaş üstünlük əldə edəcək.
Mənim müdafiə etdiyim üçüncü və daha cəlbedici bir ssenari də var. Bu ssenariyə görə, siyasi və diplomatik cəbhələrdə irəliləyiş əldə etmək, eyni zamanda Ukraynanı hərbi cəhətdən dəstəkləmək və Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə NATO üzvlüyü məsələsini yoluna qoymaq lazımdır.
Ukrayna keçən həftə Aİ üzvlüyünə bir addım yaxınlaşdı, lakin son nəticədə daha vacib olan NATO-ya üzvlükdür. Bu sahədə artıq müəyyən irəliləyiş əldə olunub, lakin daha çoxuna ehtiyac var. İyul ayında NATO dövlətləri razılaşdılar ki, Ukraynanın üzvlüklə bağlı fəaliyyət planını tamamlamaq məcburiyyətində deyil. Bu o deməkdir ki, Ukraynanın üzvlük yolu indi bir addımlı proses olacaq. Müttəfiq ölkələr razılaşarsa, Ukrayna dəvət əsasında NATO-ya üzv seçiləcək.
Ukraynanın NATO-ya tam üzv olmasına icazə vermək və bununla bağlı risklər, şübhəsiz ki, Putinin rəhbərlik etdiyi Rusiyanın güc yolu ilə Ukraynanın bir hissəsini, hətta hamısını mənimsəməsinə icazə verməkdən daha yaxşıdır. Belə bir şeyə göz yummaq həm Kiyevə xəyanət olardı, həm də qlobal sülhün yavaş-yavaş yoxa çıxdığı bir məqamda dünyaya yanlış mesaj kimi qəbul edilərdi”.
“AzPolitika.info”


Şərhlər