Ukrayna Baş Kəşfiyyat İdarəsi bildirir ki, 2023-cü ildəki sanksiyalara görə Rusiya mülki aviasiya sektoru iflasa uğramaq ərəfəsindədir.

“AzPolitika.info” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Ukrayna kəşfiyyatı “Rosaviasiya”nın rəsmi sənədlərinə giriş əldə etdiyini bildirib: “Kiberməkanda uğurlu kompleks xüsusi əməliyyat nəticəsində Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin struktur bölməsi - Federal Hava Nəqliyyatı Agentliyindən böyük həcmdə məxfi rəsmi sənədlər əldə etmək mümkün olub”.

Kəşfiyyat əldə etdiyi sənədlər əsasında bildirir ki, Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya mülki aviasiyası acınacaqlı və onun xidmətindən istifadə edən insanlar üçün olduqca təhlükəli duruma düşüb: “Təkcə 2023-cü ilin yanvar ayında Rusiya mülki aviasiyasında 185 təyyarədə nasazlıq hadisəsi qeydə alınıb. Onların təxminən üçdə biri müxtəlif dərəcəli təhlükəli hadisələr kimi təsnif edilir. Burada lider Rusiyanın qısa məsafəli təyyarəsi "Superjet"dir - 34 hadisə.2023-cü ilin ilk 9 ayında Rusiyada təyyarələrin texniki nasazlığı ilə bağlı 150 fakt qeydə alınıb. 2022-ci ilin eyni dövründə 50 belə hadisə qeydə alınmışdı. Nəticədə Rusiyada uçuş riski üç dəfə artıb. Rusiya aviasiyasının ən problemli sahələri mühərriklər və eniş qurğuları, həmçinin hidravlik sistemin digər mühüm elementləri, qapaqlar və proqram təminatı olaraq qalır”.

Hesabatda deyilir ki, Rusiya ehtiyat hissələri qıtlığına görə təyyarələri söküb, onların hissələrindən digər təyyarələr üçün istifadə edir. Lakin bu də vəziyyəti xilas etmir: “Ehtiyat hissələrinin kəskin çatışmazlığı bəzi təyyarələrin digərlərini təmir etmək üçün sökülməsinə səbəb olub. Mövcud məlumatların qiymətləndirilməsinə görə, 2023-cü ilin ortalarına qədər Rusiya Federasiyasındakı təyyarələrin 35% -dən çoxu sökülüb”.

Onu da əlavə edək ki, 2022-ci ilin sentyabrında Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) öz xəritəsində Rusiyanı Liberiya və Butanla birlikdə qırmızı rənglə “mükafatlandırıb”. Bu da sözügedən ölkələrdə aviasiya təhlükəsizliyi üçün son dərəcə yüksək riskin mövcud olduğunu göstərir.

C.Məmmədov

“AzPolitika.info”