“55 nəfər qadın oğlunu evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib”. Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O, qeyd edib ki, 2023-cü ilin 10 ayı ərzində Uşaq Birliyi qaynar xəttinə daxil olan zənglərdən 74 vacib hesab olunan müraciətin təhlilini aparıb.
“74 nəfər müraciət edərək evlilik məqsədi ilə uşaq sığınacağından kimsəsiz qızla evlilik məqsədini bildirib. 55 nəfər qadın oğlunu evləndirmək üçün, 13 nəfər qardaşını evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib. Beş nəfər kişi isə müraciət edərək kimsəsiz qızla evlənmək istədiyini deyib. Onlardan üç nəfəri ikinci evliliyi üçün müraciət edib. Kişilərin bildirdiklərinə görə, yaş həddi 29-42 yaş arasındadır.
31 nəfər bildirib ki, epilepsiyası, “uşaq” kimidir, yəni əqli geriliyi var. 37 nəfər fiziki qüsurlu - DSP, görmə məhdudiyyətli, eşitmə məhdudiyyətli və ya digər xəsarətlidir. Yalnız bir nəfər kimsəsiz qıza sahib çıxmaq, ona xoşbəxt həyat bəxş etmək, oğlunun xaricdə işlədiyi müddətdə qayınana, yəni özü ilə yaşayaraq gözəl nəvələr böyütmək istəyinin olduğunu bildirib”, - deyə Kəmalə Ağazadə qeyd edib.
Kəmalə Ağazadə onu da əlavə edib ki, ən əsası odur ki, kimsəsiz qızlara elçi düşən hər bir müraciətçi evləndirmək istədikləri oğullarının, qardaşlarının xüsusi qayğıya ehtiyacı olduqlarını əsas gətirib.


Şərhlər
Heç olmasa, bu cür məlumatları tirajlayanda ehtiyatlı olun. Milləti biabır etməyin!
Əqli geriliyi,digər əlilliyi olanlara ərə getməkdənsə sığıncaqda yaşamaq yaxşıdır.Kimsəsizdir,deyə sığıncaqdakı qızları bədbəxt etmək günahdır.
HÖRMƏTLİ KƏMALƏ XANIM, O QIZLARDAN BİRİNİ NİYƏ ÖZ OĞLUNA ALMIRSAN, GÖZÜNÜN QABAĞINDA BÖYÜYÜBLƏR. KORA-ŞİLƏ VERİRSƏN?
NƏYƏ GÖRƏ BU YETİM QIZLAR FİZİKİ QÜSURLU KİŞİLƏRƏ ƏRƏ GETMƏLİDİR? BU ONLARI ALÇAQ GÖRMƏK, NÖKƏR, C ARİYƏ YERİNƏ QOYMAQDIR. BELƏ DÜŞÜNƏN AİLƏLƏR ƏN TƏRBİYƏSİZ AİLƏLƏRDİR. XƏSTƏLƏRİNİN ƏZİYYƏTİNİ ÖZLƏRİ ÇƏKMƏK ƏVƏZİNƏ GETMƏYƏ YERİ OLMAYAN, HƏR BİR ZÜLMƏ QATLAŞMAĞA MƏCBUR OLAN BİR ZAVALLI AXTARIRLAR.GÖRƏSƏN, ONLAR ÖZ QIZLARINI KORA, TOPALA, ŞİKƏSTƏ VERƏRLƏRMİ?
Niyyətləri yaxşıdırsa çox gözəl. Amma bu qızlar sonradan Dubayda peyda olarsa hörmətli Kəmalə xanımın məsuliyyəti dəqiqləşməlidir.