Niderlandda parlament seçkilərində ultra-sağ partiya olan PVV-nin hakimiyyətə gəlməsi təkcə solçu qüvvələrdə yox, Avropa siyasi elitasında miqrasiya məsələləri və Ukrayna mövzusunda narahatlıqlar doğurmağa başlayıb.
"AzPolitika.info" Qərb mediasına istinadla xəbər verir ki, Hert Vildersin partiyasının qələbəsi artıq Niderland şəhərlərində aksiyaların təşkilinə səbəb olub. Minlərlə etirazçı Utrext şəhərində meydana çıxaraq, ultrasağçıların qələbəsinə etiraz ediblər.
Gözlənilir ki, Vilders miqrantlara qarşı siyasətin sərtləşdirilməsi yönündə addımlar atacaq. Həmçinin, Vilders bundan əvvəl Ukraynaya hərbi yardımı azaltmaq üçün çağırışlar da etmişdi.
Vildersin Avropa elitasını narahat edən ideyalarından biri də, Niderlandda Aİ-yə üzvlüklə bağlı referendum keçirməkdir. Vildersin fikrincə, Niderland miqrasiya, Ukraynaya yardım və habelə digər mühüm məsələlərdə Aİ-dən müstəqil siyasət yeritməlidir.
Vilders noyabrın 22-də keçirilən seçkilərdə parlamentdə 37 yer qazanaraq ən böyük partiyaya çevrilib.
O, seçki kampaniyası zamanı sərt anti-islam ritorikasını bir qədər yumşaltsa da, onun partiyasının manifestində məscidlərin və Quranın qadağan olunması yer alır.
Vilders Aİ-yə ödənişlərini əhəmiyyətli dərəcədə azaltmağa və hər hansı yeni üzvlərin üzvlüyünə mane olmağa çağıraraq, İttifaqın siyasətinə açıq şəkildə qarşı çıxır.
Fransanın ifrat sağçı lideri Marin Le Pen deyib ki, Niderland xalqı Britaniyalılar kimi Aİ-dəki gələcəkləri barədə söz sahibi olmalıdır.
Le Penin fikrincə, Vildersin Niderlandda referendum ideyası müsbət qarşılanmalıdır. Onun fikrincə, Niderland xalqı da britaniyalılar kimi öz taleyini müəyyən etməlidir.
Le Pen deyib ki, Vildersin qələbəsi avropalıların “Aİ-nin fəaliyyətinə meydan oxuduğunu göstərir” və onlar vəziyyətə “nəzarət etmək” istəyir.
Rüfət
AzPolitika.info


Şərhlər