İlhami Cəfərsoy
Bizim dilçilərin yazdıqlarına inansaq, Göyçə yalnız Qafqazda bir gölün və mahalın adıdır. Əslində isə Göyçə sahilində yaşadığı göllərə, ətəyində yaşadığı dağlara, mahallara adını verən elitar bir Türk nəslinin adıdır. Göyçə kəndləri, dağları, gölləri yalnız Azərbaycanda yox, Xəzər dənizinin şərqində Türkmən torpaqlarında, Şimali İraqda Kərküklərin yurdunda da vardır.
Bundan başqa Səfəvilərin Göyçə Sultan Qacar, Nurəddin Göyçə, Göyçə Musa adlı sərkərdələri olmuşdur. Gürcü tarixçisi şahzadə Vaxuşti "Kartlis Tsxovreba" əsərində yazır ki, Göyçəli tatar tayfasıdır. Onların bir tərəkəmə oymağı Axstafada, biri Tiflis yörəsində yaşayır. 1721-ci ildə Osmanlı ordusu baş qərargahının tərtib etdiyi "Dəftəri-nüfəssəli-Tiflis"də yazılıb ki, Göyçəli tərəkəmə türkmən tayfasıdır. Onlar Kür çayı boyunca Qarayazı çölündə qışlayır, yaz gələndə Tiflisin başı üstündəki dağlara köçürlər.
Göyçə etnonimi er.əv.Vlll əsrə aid Urartu qaya yazılarında Gög, Göksu, V-Vll əsr xristian kilsə salnamələrində Gökçay formasındadır. Əslən Kaqan Katuk kəndindən olan Musa yazır ki, 488-ci ildə keçirilən Alban kilsə məclisində Göyçay keşişi iştirak etdi və öz qəbiləsi adından məclisin qərarını imzaladı. Alban tarixçisinin "öz qəbiləsi adından" sözləri bildirir ki, Göyçə toponim deyildir, etnotoponimdir, yəni gölə öz adını verən xalqın adıdır.
Göyçə etnonimi totem mənşəli olub göy qurşağına sitayişlə bağlıdır. Özünə Göyçə deyən nəsillər yağışdan sonra üfüqlərdə görünən göy qurşağına sitayiş edirdilər. Yağışlar yağıb göy qurşağı görünəndə otlar cücərir, bolluq olurdu. Biz öz toponimlərimizi yalnız Azərbaycan ərazisində yox, ucsuz-bucaqsız Avrasiya torpaqlarında öyrənməliyik. Göyçə xalqının Axstafa yaxınlığındakı qəbristanlığında arxeoloji qazıntılar aparmalı, torpaq altında qalan tariximizi elmi tədqiqatın obyektinə çevirməliyik. Göyçə mahalına tarixi torpağımıza qayıtmalı, aşağıdakı misraları qalib xalqın himni kimi oxumalıyıq.
Adım Ələsgərdi, Göyçə mahalım,
Dolanım başına, qadanı alım.
Hüsnün şöləsinə xəstə xəyalım
Pərvanədi şəmistanlar dolanır.
Biz pərvanə kimi Göyçənin başına dolanaq, ermənilər çəyirtgə kimi ayaqlarımıza dolaşsın, əziz millətim!!

Şərhlər