“Paşinyan üçüncü tərəflərə ağlına gələni təklif etməkdə davam edir, onun fikirncə, bunun müqabilində Ermənistan itirdiklərinə görə “kompensasiya” almalıdır”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook” səhifəsində yazıb.
“Bir çoxları düşünür ki, 44 günlük müharibədən əvvəl Nikol Paşinyan nə etdiyini bilirdi, yaxud ondan sonra da nə etməli olduğunu yaxşı bilir. Bir anlıq əks versiyanı təsəvvür edin: Paşinyan nə etdiyini bilmirdi, nə edəcəyini bilmir, hələ də heç kimlə ciddi anlaşması yoxdur”, - keçmiş nazir vurğulayıb.
Oskanyan qeyd edib ki, Paşinyanın hakimiyyətə gəlişindən keçən 5 il ölkə üçün fəlakətlidir. “Müharibədə məğlubiyyət, minlərlə qurban, Qarabağın itirilməsi, Ermənistanın sərhədlərinin toxunulmazlığının aradan qaldırılması və daha çox risklərlə üzləşməsi”, - o qeyd edib.
Oskanyan yazıb ki, məntiqlə Paşinyan Ermənistanın sərhədləri daxilində firavan həyat, yeni geosiyasi vəziyyətdə və onun təsəvvür etdiyi situasiyada Ermənistanın əlverişli mövqeyə çıxarılması kimi hədəflər qoymalı idi: “O, bundan sonra nəyin bahasına olursa-olsun, mənəvi, tarixi və digər dəyərlərimizə hücumlara baxmayaraq, nəzərdə tutduğu proqramını həyata keçirmək üçün səlahiyyətlərini yetərincə uzatmağa, itkiləri və uğursuzluqları unuda biləcək “kompensasiya” təklif etməyə çalışmalıdır”.
Keçmiş nazir hesab edir ki, bütün xarici siyasət məsələlərində olduğu kimi, Paşinyan da əvvəldən nə etdiyini bilmirdi ki, bu da müharibəyə və məğlubiyyətə səbəb oldu. “Onun bu gün Ermənistana qarşı etdikləri eyni ssenarinin bir hissəsidir, çünki o, yenə nə etdiyini bilmir və bunun nəticələrini dərk etmir. Hər dəfə səhvlərə yol verən və uğursuzluqlarla üzləşən Paşinyan onları etiraf etmək və nəticələrini yumşaltmaq əvəzinə, səhvlərini hansısa yeni “məqsədlərə” nail olmaq perspektivi ilə əsaslandırır”, - o qeyd edib.
Oskanyan vurğulayır ki, bu perspektiv heç vaxt tam şəkildə ifadə edilməyib: “Amma mütəmadi çıxışlarda 29,8 min kv.km qeyd olunur. Paşinyanın fikrincə, Ermənistanın bu sərhədlər daxilində parlaq gələcəyi olacaq. Fakt budur ki, Ermənistanın indiki sərhədlərinə təhlükə məntiqi olaraq Azərbaycandan və ya Türkiyədən gəlir. Amma görünən odur ki, danışıqlarda üçüncü tərəflər Paşinyanın tərəfindədir. Onun xarici siyasət mesajları məhz onlara ünvanlanır və müəyyən razılıqlar da əldə edib. Faciə ondadır ki, bunu yalnız Paşinyan görür. Reallıq budur ki, heç kim ona heç nə vəd etməyib, amma o, siyasətini bu xəyali vədlər üzərində qurmaqda davam edir”.
Keçmiş nazir xatırladır ki, diplomatiyada ən mühüm vasitələrdən biri qarşılıqlı alver imkanlarının yaradılmasıdır: “Yəni, qarşılıqlı alverə imkan yaradaraq gündəmi genişləndirmək lazımdır. Məsələn, əgər Praqada, hətta Qarabağ Azərbaycanın bir hissəsi kimi tanındıqdan sonra da danışıqların gündəliyinə sovet dövründə Dağlıq Qarabağın muxtar vilayət olması ilə bağlı faktı əlavə edə bilsəydi, bu gün biz özümüzü daha əlverişli danışıqlar vəziyyətində saxlaya bilərdik. Amma Paşinyan üçüncü şəxslərdən (Qərb liderlərini nəzərdə turur – red,) qarşılığında nəsə gözləyərək bunu etmədi. Bu gün Paşinyan Qarabağ ermənilərinin geri qayıtması, ən azı minimal muxtariyyət hüququnun əldə olunması, soydaşlarımızın Bakı həbsxanalarından azad edilməsi ilə bağlı suallar yaratmadan üçüncü tərəflərə nələrsə təklif etməkdə davam edir, bunun müqabilində Ermənistan onun gözlədiyi kompensasiya almalıdır. O, heç bir zəmanət almadan üçüncü tərəfə güvənir”.
Oskanyan vurğulayıb ki, bu vəziyyət daha çox güzəştlərə gətirib çıxara bilər ki, bu da böyük ehtimalla daha kiçik, daha zəif və qeyri-sabit Ermənistan deməkdir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər
Gerizəkalı ,Ermənistan elə əvvəlcədən kiçik olub ,əksinə Paşik daha da kiçilməsinin qarşısını aldı .Bu bədbəxtlər hələ də böyü Ermənistan xülyası ilə yaşayır