Qarabağdakı keçmiş qondarma rejimin sabiq “təhlükəsizlik şurası katibi” Samvel Babayan Ermənistan parlamentindəki 44 günlük müharibəni araşdıran xüsusi komissiyada dindirələndən sonra jurnalistlərə maraqlı açıqlamalar verib.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, bir çoxlarının Azərbaycanla işbirliyində günahlandırdığı Samvel Babayan "özünü buraxmış" qondarma rejimin son “prezidenti” Samvel Şahramanyanın Azərbaycan hakimiyyət orqanları ilə tez-tez əlaqə saxladığını deyib: “Çox sevdiyiniz Samvel Şahramanyan danışıqlar aparır, hər gün Bakıya zəng edir. İndi nədən danışır, bunu onun özündən soruşun”.
Babayanın sözlərinə görə, Bakıya tez-tez zəng etdiyini Şahramanyanın özü ləğv olunmuş qondarma qurumun keçmiş “parlament üzvləri”nə deyib. S.Babayan daha çox Paşinyan hakimiyyətinin adamı kimi tanınsa da, sabiq “məmur” və general Baş nazirin ciddi səhvlərə yol verdiyini bildirib: “Nikol Paşinyanın günahı yanlış kadr siyasətidir. İkinci problem isə onun insanlara inanmasıdır”.
Jurnalistlər Babayandan Paşinyan hakimiyyətinin ona vəzifə təklif edib-etmədiyini də soruşublar. Babayan cavab verib ki, vəzifə ilə bağlı onunla heç kim, heç nə danışmayıb. Babayan əlavə edib ki, Nikol Paşinyanla iki ildən artıqdır görüşmür.
Babayan hələ 44 günlük müharibədən əvvəl Paşinyan hakimiyyətinə Ermənistanın Azərbaycanla müharibədə uduzacağına dair xəbərdarlıq etdiyini də bildirib: “Mən Nikol Paşinyana məktublar göndərdim və yazılı şəkildə dedim ki, siz məğlubiyyətə məhkumsunuz".
Babayan iddia edib ki, düzgün hərbi-siyasi rəhbərlik formalaşsaydı, 44 günlük müharibədə erməni tərəfi guya qalib gələ bilərdi. Onun sözlərinə görə, Azərbaycan həmişə Şuşanı tələb edib və xəbərdarlıq edib ki, Şuşa ona verilməyənə qədər müharibəni dayandırmayacaq.
“AzPolitika.info”

Şərhlər