ABŞ hakimiyyəti Ukraynaya yüksək dəqiqlikli uzaqmənzilli GLSDB (Yerdən Atılan Kiçik Diametrli Bomba) raketlərinin verilməsini 2024-cü ilə qədər təxirə salıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” özəl mənbələrə istinadən məlumat yayıb.
Əvvəlcə güman edilirdi ki, GLSDB-in ilk böyük partiyası 2023-cü ilin martında təhvil verilə bilər. Amma fevral ayında raketlərin tədarüklərinin bu ilin ikinci yarısına təxirə salındığı məlum oldu. Agentliyin mənbələri bildiriblər ki, əsas podratçı “Boeing” şirkəti raketləri 2023-cü ilin dekabrında ABŞ Müdafiə Nazirliyinə təhvil verəcək. Bundan sonra onları bir neçə ay sınaqdan keçirib daha sonra Ukraynaya göndərəcəklər.
Söhbət 150 kilometr uçuş məsafəsinə malik yüksək dəqiqlikli raketlərdən gedir. GLSDB raket mühərriki olan kiçik diametrli bombadan ibarətdir. Bu Amerika-İsveç birgə istehsalıdır, HIMARS qurğularından buraxılır və 160 km-ə qədər məsafədə hərəkət edən hədəfləri vura bilir. Yəni hazırda Ukrayna ordusunun istifadə etdiyi raketlərdən xeyli uzaq məsafələrdəki hədəfləri dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.
Ukraynaya payızın əvvəlində ABŞ-ın verdiyi 160 kilometrə qədər atəş məsafəsinə malik ATACMS raketlərinin məhdud tədarükünü tamamlamaq üçün GLSDB lazımdır. Bu, Ukrayna hərbçilərinə indiki atəş məsafəsindən iki dəfə çox məsafədə hədəfləri vurmağa imkan verəcək.
2023-cü ilin mart ayından etibarən Rusiya Müdafiə Nazirliyi ən azı dörd dəfə, ən son oktyabrın 26-da GLSDB raketlərinin vurulduğunu iddia edib. “Reuters” mənbələri isə ABŞ-ın Ukraynaya indiyə qədər bir dənə də olsun “ağıllı bomba” vermədiyini iddia edir. Kiyevin bu silahları başqa ölkələrdən alıb-almadığı məlum deyil.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər