Ermənistanın Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitinə qatılacağı deyilsə də, hələ ki, Ermənistan rəsmiləri tərəfindən buna dair heç bir konkret açıqlama verilməyib. Bununla yanaşı, Ermənistan-Rusiya münasibətlərində hər hansı ciddi “istiləşmə” əlamətləri də görünmür. Əksinə, Rusiya XİN başçısı Sergey Lavrov Skopyedə keçirilən ATƏT-in XİN başçılarının tədbirində Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanı tənbeh etməkdən çəkinməyib.
Ermənistan mətbuatı isə yazır ki, Nikol Paşinyan Rusiya ilə münasibətlərdə hansısa köklü dəyişikliklər etmək fikrində deyil və hazırda tutduğu kursu davam etdirmək niyyətindədir.
“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının növbəti qapalı toplantısı barədə məlumat dərc edib: “Srağagün “Vətəndaş müqaviləsi” partiyasının mərkəzi ofisində Nikol Paşinyanın rəhbərliyi ilə partiyanın növbəti iclası keçirildi. Bu barədə rəsmi olaraq cəmi iki sətir tirajlandı - “konseptual və partiyanın fəaliyyəti ilə bağlı ideoloji məsələlər müzakirə olunub”. Ancaq “Vətəndaş müqaviləsi”ndəki mənbələrdən öyrəndik ki, söhbət “suverenlik və müstəqillik”dən gedib. Paşinyan komanda yoldaşlarına bu mövzu ilə bağlı bir neçə saat ərzində öz fikirlərini bildirmələri üçün imkanı verib, hər kəsin fikrini nəzərə aldığını və bunun onun üçün çox vacib olduğunu göstərməyə çalışıb. O, özünün Rusiya siyasətinin doğruluğunu təsdiqləyərək, Ermənistanın iqtisadi və təhlükəsizlik məsələlərində Rusiyadan asılı olduğu üçün “çox uzağa getməyəcəklərini”, lakin eyni tempdə davam edəcəklərini deyib. Amma Paşinyan Sankt-Peterburqa gedib-getməyəcəyini açıqlamayıb. O, eyni gündə Ermənistan və Azərbaycan komissiyalarının sədrləri arasında sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə İcevan-Qazax bölgəsində baş tutan görüşdən də danışmayıb”.
Göründüyü kimi, Qərbdə özünə himayədar axtarışını davam etdirən Ermənistan hakimiyyəti bütün populist bəyanat və çıxışlarına rəğmən yaxın zamanda Rusiyanın ətəyini buraxmaq fikrində deyil.
“AzPolitika.info”

Şərhlər
Paşinyan Rusiyanın “ Eteyini” buraxmayacaq bu düz ,ancaq Rusiya da Psşinyanın eline “Etek” evezine,”Tütek” verecek ki çalsın özü üçün Qerbin demokratik ruhlu “mahnılarını.”